Milli Məclisin deputatı Ülviyyə Ağayeva Ağstafada Vurğun qəsəbə, Həsənsu və Köçəsgər kəndlərinin sakinləri ilə görüşüb
Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayeva Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova ilə birlikdə Vurğun qəsəbəsi, Həsənsu və Köçəsgər kəndlərində kənd sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Həmin kəndlərdə yerləşən körpələr evi- uşaq bağçalarında eləcədə tibb məntəqələrində olmuş və həmin məntəqələrdə yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Həsənsu kəndində keçirilən görüşdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək son illər ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrinin, o cümlədən də Ağstafa rayonunun gündən-günə inkişaf etdiyini qeyd edib.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq son zamanlarda rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində Ağstafada görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etdirilməsini, əhalinin maddi rifah halının yaxşılaşdırılmasını, tikinti-quruculuq işlərinin gündən-günə artmasını ölkəmizdə, eləcə də bölgələrimizdə olan inkişafın əyani sübutu kimi qiymətləndirib.
Lalə Eyyubova Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Ağstafa rayonunda hər zaman ön plana çəkildiyini bildirib. Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayevanın sakinlərlə keçirdiyi görüşü, sakinlərin qayğıları ilə maraqlanmasını vətəndaşlara olan qayğının bariz nümunəsi kimi qeyd edib.
Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan bir çox məsələlərin yerində həll olunması üçün müvafiq tapşırıqlar verilmiş və aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.Kənd sakinləri bugünkü görüşün dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısının daha bir əyani sübutu olduğunu qeyd edərək onlarla görüşə gəldiyinə görə Ülviyyə xanıma minnətdarlıqlarını bildiriblər. Dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar.