Xılxına kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Xılxına kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Xılxına kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səlim Novruzov Xılxına kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qeyd olundu ki, Xılxına kənd inzibati ərazi dairəsi Xılxına və Mollacəfərli kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. İlham Yusifov Xılxına kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
2. Sadiq İsmayılov Xılxına kəndinə təbii qazın verilməsinin həyati əhəmiyyəti haqqında danışdı.
3. Salman Novruzov İş yerlərinin açılmasının vacibliyini qeyd etdi.
4. Ağaverdi Əmrahov Ağstafa-Xılxına avtomobil yolunun təmir edilməsini xahiş etdi.
5. Yeganə Əsgərova kənddə yeni uşaq baxçasının inşa edilməsini təklif etdi.
6. Aslan Əliyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi
7. Tahir Məmmədov əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması üçün kənddə elektron tipli ATS-in quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
8. Abuhəyat Süleymanova yeni məhəllədə yolun təmir edilməsini xahiş etdi.
9. Lyudmila İsmayılova ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
10. Elman Novruzov kənddə yeni tibb məntəqəsinin inşa edilməsinin vacibliyini vurğuladı.
11. Elşad Cəfərov ərazidə olan yararsız elektrik dayaqlarının və elektrik naqillərinin təmirinə ehtiyac olduğunu qeyd etdi.
12. Səlim Novruzov Ağstafa çayı sahilində yerləşən vətəndaşlara məxsus pay torpaqlarının yaz fəslinin gəlməsi ilə əlaqədar sel sularından mühafizə olunması məqsədi ilə sahilbərkitmə işlərinin aparılmasından danışdı.
13. Elnarə Əmrahova rayon mərkəzinə əhalinin qediş-gəlişinin rahat təmin edilməsi üçün Ağstafa çayı üzərində yeni avtomobil körpüsünün inşa edilməsini təklif etdi.
14. Anar Novruzov yeni çəkilən Poylu-Düzqışlaq-Qazax asfalt avtomobil yolu ilə kənd yollarının birləşdirilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, rayon mərkəzindən xeyli aralı məsafədə yerləşən Xılxına və Mollacəfərli kəndlərinə təbii qaz yanacağının verilməsi görülən işlərin bariz nümunəsidir. Eyni zamanda Ağstafa çayının sol sahil yaşayış məntəqələri üçün həyati əhəmiyyəti olan Poylu qəsəbə-Düzqışlaq-Qazax avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.