Sadıqlı kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Sadıqlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhad Hacıyev Sadıqlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Tahir Musayev Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunda aparılan təmir işlərinin sürətləndirilməsini xahiş etdi.
2. Şahvələd Məmmədov gömrük və sərhəd keçid məntəqəsində nəqliyyatın hərəkətinə icazə verilməsində köməklik edilməsini xahiş etdi.
3. Rəcəd Heydərov kənd sakinlərinin qonşu Gürcüstan respublikasına hər dəfə gömrük və sərhəd keçid məntəqəsindən keçərkən vətəndaş pasportuna möhür vurulması və sənədin tez dolması barədə danışdı.
4. Sona Rəhimova Sadıqlı kəndinə təbii qazın verilməsinin tezləşdirilməsini xahiş etdi.
5. Şakir Mustafayev gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsini təklif etdi.
6. Həftik Şərifov Sadıqlı kənd tam orta məktəbin əsaslı təmirə ehtiyacı olduğunu qeyd etdi.
7. Lətif Namazov İstehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarın inşa olunmasını təklif etdi.
8. Alidə Cəfərova ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
9. Alagöz Musayeva Sadıqlı kəndinin içməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirdi.
10. Rafiq Bayramov Ağstafa şəhərində ümumvətəndaş pasportunun alınması üçün bölmənin açılmasını təklif etdi.
11. İsrail İsmayılov Muğanlı-Sadıqlı kəndarası yolunun təmir edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, bölgə üçün həyati əhəmiyyəti olan Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması işləri sürətlə aparılır. Kür çayının sol sahil yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi cari ildə nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.