Rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsi anılmışdır
"20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” na əsasən ölkəmizdə keçirilən silsilə anım tədbirləri Ağstafada da davam etdirilir. Bu gün rayonun idarə və təşkilatlarda, Ağstafa “Sukanal” Sahəsində, Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzində və Ağstafa rayon Mərkəzi Xəstəxanasında, Ağstafa rayon Təhsil Şöbəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli, lakin xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Qanlı hadisədən 30 il keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını unutmamış. Həmin vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmiş və Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verilmişdir.
O zaman Ümummilli lider Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edib. Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edib.
Ulu Öndərin 20 Yanvar faciəsi haqqında verdiyi siyasi-hüquqi qiymət bu gün də Prezident İlham Əliyev tərəfindən bütün beynəlxalq tədbirlərdə Azərbaycanla bağlı qaldırılan məsələlərdə əldə rəhbər tutulur, faciənin hüquqi, siyasi nəticələri daim analiz edilir.
Vurğulanıb ki, qanlı 20 Yanvar faciəsi Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.