Ağstafada 2 fevral Gənclər Günü qeyd olundu
Bu gün Ağstafada Gənclər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin məsul işçiləri, eləcə də rayon ictimaiyyətinin gənc nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ağstafa rayon İcra Hakimiyyəti başçısı aparatının konfrans zalında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova, Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov və rayonun bir sıra fəal gəncləri çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından geniş söz açıblar. Qeyd olunub ki, Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Tədbirdə 2019-cu ildə rayonun ictimai-siyasi həyatında fərqlənən bir sıra gənclərə Ağstafa rayonu İcra Hakimiyyətinin müvafiq fəxri fərmanları və müxtəlif hədiyyələr təqdim olunub.