Ağstafada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub
13 fevral – ölkəmizdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Respublika Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu sahədə çalışan insanlar xidmətin yaranma gününü artıq 8 ildir ki, öz peşə bayramları kimi qeyd edirlər.
Respublikamızın hər yerində olduğu kimi, Ağstafada da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub.
Əlamətdar gün münasibətilə Ağstafa Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, Qarabağ əlilləri, şəhid ailələri, veteranlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Ümummilli Liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış olublar. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdəki çıxışlarda bildirib ki, Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri məhz qüdrətli Orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha da artır. Çıxışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də Ağstafa rayon şöbəsinin əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.