Ağstafa Rayon İcra Hakimiyyəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün Azərbaycan qadınlarını təbrik edir!
07 mart 2020 | 11:00
Əziz xanımlar!
Sizi – bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirik.
8 Mart bəşəriyyətin ülvi bir varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bayram kimi dünyada geniş qeyd olunur. İnsan cəmiyyətinin mədəni inkişaf səviyyəsi və yüksəlişi orada qadına, anaya olan münasibət ilə sıx bağlıdır. Qadınlar bəşəriyyətin taleyüklü problemlərinin həllinə həmişə öz töhfələrini vermiş və bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər.
Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qadın adına hədsiz məhəbbət və ehtiram söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Görkəmli sənətkarlarımız Azərbaycan qadınının gözəlliyini, mənəvi saflığını, mərdliyini və sədaqətini öz əsərlərində dönə-dönə tərənnüm etmişlər. Xalqımızın təfəkküründə ən əziz, ən qiymətli bilinən Vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək qiymətin əyani təzühürüdür.
Hamınıza cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzu edirik.
Bayramınız mübarək olsun!