Azərbaycanlılara qarşı soyqırımından 102 il ötür
Erməni daşnaklarının 1918-ci ilin mart-aprel aylarında bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 102 il ötür. Xalqımıza qarşı əsrlərboyu dəfələrlə törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin ən faciəli anlarından, ən qaranlıq səhifələrindən biridir.
Soyqırımı – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. 31 mart ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzü bunun bariz nümunəsidir.
Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı, məkrli surətdə həyata keçirdiyi soyqırımı siyasəti əsrlərboyu fərqli şəkildə davam edib. Tarix boyu fürsət düşdükcə mənfur qonşularımız məkrli, işğalçılıq planlarını həyata keçirməyə çalışıblar.
Ermənilərin vəhşilikləri barədə təsəvvür yaratmaq üçün texnik Vladimir Sokolovun Bakının “Kərpicxana” adlanan ərazisində çəkdiyi fotoşəkillərə baxmaq kifayətdir. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunub. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanıb. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası var. İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilib. Mismarın başından aydın görünür ki, onu divara daşla vurublar. Daş elə oradaca idi. Üçüncü şəkildə isə 13-14 yaşlı qız uşağının meyiti verilib. Biçarənin bədənindən görünür ki, onu bir dəstə alçaq “kişi” zorladıqdan sonra qətlə yetirib.
Ümumilikdə, Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuş, 12 mindən artıq dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi. Mart hadisələri zamanı erməni daşnakları təkcə Bakıda deyil, demək olar ki, bütün Azərbaycan ərazilərində kütləvi qırğınlar törətmişdilər. Qədim şəhərlərimizdən olan Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Qaniçən Lalayevin başçılıq etdiyi quldur dəstələri şəhərin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurmuşdular. Axund Cəfərqulunun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Şamaxı qəzasının müsəlmanlar yaşayan 80 kəndinin taleyi də bu cür olmuşdu. 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında göstərilir ki, Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdu.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutmamalı, həqiqətlərin, o cümlədən 1918-ci ilin martında baş vermiş hadisələrin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni etməlidir.