Böyuk Kəsik kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Böyuk Kəsik kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Böyuk Kəsik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Raquf Osmanov Böyuk Kəsik kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Aydın Qurbanov Böyük Kəsik kəndinə təbii qazın verilməsinin tezləşdirilməsini xahiş etdi.
2. Nizami Əliyev Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunda aparılan təmir işlərinin sürətləndirilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Elbrus Yaqubov kənd sakinlərinin qonşu Gürcüstan respublikasına hər dəfə gömrük və sərhəd keçid məntəqəsindən keçərkən vətəndaş pasportuna möhür vurulması və sənədin tez dolması barədə danışdı.
4. Nəzakət Hüseynova dəmir yolunun alt hissəsində əhalini içməli su ilə təmin edən su nasosunun təmir edilməsini xahiş etdi.
5. Nəsib Yaqubov Gömrük və sərhəd keçid məntəqəsində nəqliyyatın hərəkətinə icazə verilməsinə köməklik göstərilməsi haqda danışdı
6. Nazan İmanova Böyük Kəsik kənd tam orta məktəbi qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
7. Omar Əhmədov ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
8. Sərxan Yusifov istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarın inşa olunmasının vacibliyindən danışdı.
9. Şəfi Hüseynov sahələr arası suvarma arxının təmizlənməsini xahiş etdi.
10. Bədurə Mansurova Ağstafa şəhərində ümumvətəndaş pasportunun alınması üçün bölmənin açılmasına ehtiyac olduğunu bildirdi.
11. Yoldaş Mövludoğlu Türklər məhəlləsində məişət tullantılarının yığılması və daşınmasını xahiş etdi.
12. Günəş Hacıyeva mənzilinin təmirinə köməklik edilməsini xahiş etdi.
13. Yusif Yusifov Gəncə-Böyük Kəsik elektrik qatarının işinin bərpa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, bölgə üçün həyati əhəmiyyəti olan Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması işləri sürətlə aparılır. Kür çayının sol sahil yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi cari ildə nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.