Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi
25 iyul 2013-cü il tarixdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirildi.
Şuranın gündəliyinə iki məsələ daxil idi:
1. 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və Ağstafa rayonunun sosial-iqtisadi inkişaf proqramının (2011-2013) icrası barədə.
2. Rayonda olimpiya-idman hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, yeni idman qurğuları və obyektlərinin tikintisi, idman klublarının sayının artması sahəsində görülən işlər haqqında.
Şura iclasını giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa rayonunda 2013-cü ilin 6 ayı ərzində sosial-iqtisadi inkişaf istiqamətində əldə olunmuş uğurlardan danışdı.
2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və Ağstafa rayonunun sosial-iqtisadi inkişaf proqramının icrası barədə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev məruzə ilə çıxış etdi. Məruzədə rayonun hesabat dövrü ərzində sosial-iqtisadi inkişafı geniş təhlil edildi, abadlıq, quruculuq və tikinti istiqamətində icra olunan layihələrdən bəhs olundu.
Rayonda olimpiya-idman hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, yeni idman qurğuları və obyektlərinin tikintisi, idman klublarının sayının artması sahəsində görülən işlər haqqında Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış etdi. Qeyd olundu ki, rayonda olimpiya hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə olimpiya idman növü olan stend atıcılığının inkişafı üçün ən yüksək standartlara cavab verən Ağstafa Peyntbol və Atıcılıq Mərkəzi tikilmişdir. Rayonun idman sahəsində əldə edilmiş uğurlar göstərilməklə yanaşı, bu sahədə hələ də mövcud olan nöqsan və çatışmamazlıqlar qeyd olundu.
Məruzə ətrafında müzakirələrdə çıxış edən idarə, müəssisə və təşkilat rəhbərləri qeyd olunan nöqsan və çatışmamazlıqların vaxtında aradan qaldırılacağını göstərdilər.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev əldə olunmuş uğurlarla yanaşı mövcud nöqsan və qüsurların aradan qaldırılması istiqamətində konkret tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.