Ağstafa şəhərində növbəti dəfə dezinfeksiya işləri aparılıb
Ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tibbi-profilaktiki tədbirlərin və xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına diqqət günü-gündən artırılır. SİA-nın verdiyi məlumata görə, bu istiqamətdə 7 iyun 2020-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Ağstafa şəhərinin prospekt və küçələri virus əleyhinə xüsusi dərman preparatları ilə təchiz edilmiş kommunal texnikalarla növbəti dəfə yuyularaq dezinfeksiya olunub.
Sanitar-profilaktik tədbirlər gücləndirilmiş iş rejimində çalışan rayon təsərrüfatına aid xidmət təşkilatlarının, eləcə də Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə Ağstafa şəhər Heydər Əliyev prospektini, Üzeyir Hacıbəyov, Hüseyn Arif, Rafiq Alıcanov, M. Ə. Rəsulzadə, Səməd Vurğun, 20 Yanvar, Cəfər Cabbarlı, Rəfayıl Əsədov, Ağamalıoğlu, Nəriman Nərimanov, Nüsrət Kəsəmənli, Eyvaz Qələmçəli və ətraf küçələri əhatə edib. Eyni zamanda parklar və meydanlar, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri, eləcə də sakinlərin daha çox istifadə etdiyi yerlər karantin-sanitariya qaydalarının tələblərinə uyğun şəkildə dezinfeksiya olunur. İnfeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun bütün yaşayış məntəqələrində könüllülər tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir. Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur.
Müəllif: Ceyhun Rasimoğlu