Ağstafada qanvermə aksiyası keçirilib
Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar. Ölkəmizdə bu həssas sahə ilə bağlı görülən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər. Ona görə də qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan insanlara dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Gəncə şəhər filialının əməkdaşları Ağstafa Rayon Mərkəzi Xəstəxanasında qan vermə aksiyası keçirib. Rayon sakinləri aksiyada könüllü olaraq iştirak etmişdir. Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Davam edən aksiya zamanı 105 nəfər qan donoru olub. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.