Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafa rayonunda qeyd olundu
Bu gün Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü qeyd edildi. Bu münasibətlə ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər keçirilib. Ağstafa Rayon İcra hakimiyyətinin başçısı cənab Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə geniş tədbirdə iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi hissə komandiri tribunadan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibətilə şəxsi heyətə ünvanlandığı təbrik məktubunu oxuyub. Ağstafa Rayon İcra hakimiyyətinin başçısı öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb. Həmçinin, Ağstafa rayonu ərazisində müasir hərbi şəhərciklər salındığı qeyd edilib.
Tədbirdə hərbi hissənin bir qrup zabit, gizir, çavuş və əsgərləri, eləcə də mülki işçiləri müvafiq diplomlarla təltif olundular. Bayram tədbiri konsert proqramı ilə davam etdirildi.