1969-cu ilin 14 iyulu: Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı
14 iyul 2023 | 09:11
Azərbaycanın həm Sovet İttifaqı, həm də müstəqillik dövründə inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub. Həmin vaxt siyasi hakimiyyətə gələn müdrik şəxsiyyət Heydər Əliyev respublikamızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıdıb. 1969-cu ilə qədər iqtisadi tənəzzüldə boğulan, SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti, incəsənəti, alimi, əmək adamı ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı hesab olunur.
Ulu Öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Ulu Öndər sərt sovet rejimində bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb və cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideyasının təbliği istiqamətində atdığı cəsarətli addımlar, həyata keçirdiyi tədbirlər hər bir Azərbaycan vətəndaşında belə bir inam yaradırdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq, müstəqil olacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf, milli kadrlar, ziyalı nəsli, hüquqi baza yetişdirilməlidir. Ulu Öndər hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmağa nail olmuşdu. 1969-1982-ci illərdə Azərbaycanın sürətli inkişafı, adət-ənənəsinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması bugünkü müstəqilliyimizin təməlinin qoyulmasında böyük rol oynayıb. Azərbaycanın sənaye-aqrar respublikasına çevrilməsi də bu istiqamətdə mühüm əhəmiyyət kəsb edib. Ümummilli Lider respublikaya rəhbərlik etdiyi dövrdə bütün fəaliyyəti ilə hər bir azərbaycanlıya Vətən, xalq üçün qurub-yaratmaq, xidmət etmək fəlsəfəsini aşılayıb. 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi yaddaşlara həkk olunub. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqilliyimizin əbədiliyinin qorunmasında fəal iştirak edir. Həmin dövrdə Moskvaya, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bütün bunlar Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi. Ümummilli Lider ötən əsrin 70-80-ci illərində də təhsilin inkişafını, gənclərin, xüsusilə kənd yerlərində yaşayanların təhsil almalarını daim diqqət mərkəzində saxlayıb. Onun rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilib. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Ulu Öndər sonralar həmin dövrü xarakterizə edərkən deyib: “Tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”. 1969–1982-ci illərdə ulu öndərin dövlət idarəçiliyindəki xüsusi qabiliyyəti, uzaqgörən siyasəti və strateji təfəkkürü sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu qət edərək keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxdı. Bu illər tariximizə yüksəliş dövrü kimi həkk olunub. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə qazanılan uğurlar xalqımızın milli mənlik şüurunun oyanışına, dövlətçilik təfəkkürünün formalaşmasına güclü təkan verdi. Məhz həmin dövrdə sərt kommunist rejiminin ciddi nəzarətində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin, möhkəm bünövrə və hüquqi baza yaradıldı. Ulu Öndərin xidmətləri sayəsində imperiya rejimi altında xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib. Bu gün sürətli inkişafı, müstəqil xarici siyasəti ilə dünya birliyinin layiqli üzvünə çevrilmiş demokratik Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nişanəsidir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz Ulu öndərin respublikaya rəhbərliyindən sonra başlayıb. Ulu Öndər sərt sovet rejimində Vətən, millət naminə həyatını riskə qoyaraq, hər an “millətçi” damğası almaq təhlükəsindən qorxmadan, çəkinmədən azərbaycançılığın ən parlaq səhifələrini yaradıb. O, Azərbaycanda milli ruhun tamamilə sıxışdırılmasına nəinki yol verməyib, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarıb və buna nail olub. Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edib. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını alıb. Bu isə milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyevin bu fəaliyyəti Vətənə, millətə xalqa dərin məhəbbətlə bağlılığını əks etdirirdi. O, bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutub, hələ o zaman hər bir soydaşımızın qəlbində əbədi heykəlini qoyub. Azərbaycanın yetişdirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı keşməkeşli həyatı boyu hər zaman xalqını, Vətənini düşünüb. Onun ürəyi Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarmağı bacarıb. Heydər Əliyevin xalq, Vətən qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsi olub. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan Ulu Öndər yüksəksəviyyəli yığıncaqlarda, müşavirələrdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanıb. O, çox yaxşı bilirdi ki, qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Bu işlə məşğul olanlara düşünmədən “millətçi” damğası vurular və həmin adamın aqibəti çox pis olardı. Belə şəxslər dərhal Sibirə sürgün olunurdular. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt respublikaya rəhbərlik edən Heydər Əliyev ana dili məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulayıb ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri, ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif edilmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, Heydər Əliyevin öz xalqı, Vətəni, milləti qarşısında göstərdiyi ən böyük xidmətlərindən biri idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qoruyub. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqillik illərində də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, ana dilimizin qorunması, milli dövlətçiliyin daha da möhkəmləndirilməsi, o cümlədən Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirib, mühüm tarixi fərman və sərəncamlar imzalayıb.
Ulu Öndər müstəqilliyimizin əbədiliyin qorunmasında gənc nəslin hərtərəfli yetişməsini, dövlət işlərinə cəlb edilməsini daim diqqət mərkəzində saxlayıb. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olub. Onun zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Mən də gənc nəslin nümayəndəsi kimi Ulu Öndərin yaratdığı şəraitdən bəhrələnirəm. Məzunu olduğum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması, getdikcə ali idarəçilik məktəbi kimi formalaşması və bu gün dövlət idarəçiliyində çalışan gənclərin yetişdirilməsində müstəsna rol oynayan ali təhsil ocağı məhz ulu öndər Heydər Əliyevin yadigarıdır. Yüzlərlə gəncin bacarıqlı idarəçi kimi formalaşmasında, dövlətimizə və dövlətçiliyimizə layiqincə xidmət etməsində, dövlət qulluqçularının ixtisasını artırmaqla müasir dövrün idarəçilik sisteminin tələblərinə cavab verən yeni bilikləri əldə etməsində Dövlət İdarəçilik Akademiyasının rolu danılmazdır.
Bu gün dünya birliyində özünə layiqli yer tutan, inkişaf etmiş demokratik ölkələrlə bir sırada adı çəkilən müstəqil Azərbaycan Ulu Öndərin xalqımıza əmanətidir. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev, o cümlədən ölkəmizin mədəniyyətinin, incəsənətinin, mədəni irsinin dünyada tanıdılmasında misilsiz xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın adının daha yüksəkliklərdən eşidilməsi üçün bütün qüvvələrindən istifadə edirlər. Bütün bunlara məhz dövlət idarəçiliyinin ali zirvədə olması hesabına nail olunub. Bunun isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.