Şriftin ölçüsü :

Saytın rəngi :

Münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq

29 iyun 2020 | 11:00

  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Hərbi hissə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbçilərlə görüşüb. Dövlət başçısı görüşdə nitq söyləyərək maraqlı məqamlara toxunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında ordu quruculuğu haqqında söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanda bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün tam əminliklə deyə bilərik ki, Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Ölkəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Məhz bunu nəzərə alan ölkə başçısı Azərbaycanda ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır.
Dövlət başçısının özünün də söylədiyi kimi, bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət  tərəfindən mənzillər verilir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.
Bütün bunlar isə ordumuzun son illər ərzində uğurlu inkişafı naminə həyata keçirilən işlərdir. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.
Ölkə rəhbəri öz çıxışında münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayandığımızı və bir addım geri atmayacağımızı da qeyd etdi. Dövlət başçısı işğal edilmiş torpaqlarda bu gün ermənilərin qanunsuz məskunlaşma siyasəti apardığını bildirdi. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini və bu qanunsuz məskunlaşmanın dayanmasını istədiyimizi vurğuladı. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bir daha diqqətə çatdırdı.
Bu gün tam əminliklə deyə bilərik ki, Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tam hazırdır. Xalqımız Ordumuzun hərbi qüdrətinə və Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə inanır.

 

Keçidlər