RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videomüşavirə keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videomüşavirə keçirib. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə əlaqədar əhali arasında müntəzəm olaraq geniş maarifləndirmə işləri aparılır və xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunur.
Tədbirdə qeyd olunub ki, Ağstafa şəhərində və rayonun yaşayış məntəqələrindəki küçələrdə, səkilərdə, parklarda, ictimai yaşayış binalarında və onların həyətlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Bütün bunlara baxmayaraq son dövrlər bəzən yas mərasimlərində insanlar toplaşır və qoruyucu tibbi maskalardan istifadə edilmir ki, bu da yoluxma riskini kəskin artırır. Artıq əhalinin ictimai qınağı olmalı, eyni zamanda, yerli inzibati ərazi nümayəndələri, bələdiyyə üzvləri və polis şöbəsinin əməkdaşları tərəfindən bu sahəyə ciddi nəzarət olunmaqla qabaqlayıcı tədbirlər görülməlidir. İdarə və müəssisələrdə, xüsusi ilə qapalı yerlərdə karantin qaydalarına əməl olunması daha vacib olduğu qeyd olunaraq dövlət qurumlarında çalışanların idarə binalarında maskadan istifadə etməsinə nəzarətin gücləndirilməsi tapşırılıb. Ölkə Prezidentinin son çıxışlarında bu məsələlərə daha çox toxunulduğu vurğulanaraq ölkə rəhbərliyinin göstərişlərinə, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əməl etməyin hər birimizin borcu olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır.
Bu gün xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən infeksiyaya yoluxanların sayı kəskin artmışdır. Bununla əlaqədar, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən yerlərdə görülən tədbirlər daha da gücləndirilməli, yaradılmış mobil qruplar tərəfindən Polis orqanlarının nümayəndələri ilə birgə ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılmalı, pozuntu hallarına yol vermiş cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir. Bu məsələlərlə bağlı ərazi icra nümayəndələrinin üzərinə çox böyük məsuliyyət düşdüyü qeyd olunmuş, yerlərdə xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunmasının nəzarətdə saxlanılması tələb olunmuşdur. Videomüşavirədə xüsusi karantin rejimi dövründə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsi zərurəti diqqətə çatdırılmış və inzibati ərazi dairələri üzrə nümayəndələrə müvafiq tapşırıqlar verilmişdir.