Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində işlər davam edir

04 iyul 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar rayon bələdiyyələrinin sədrləri ilə videomüşavirə  keçirib. Videomüşavirədə “İnzibati icraat haqqında” Qanundan irəli gələn məsələlər və Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülməsi müzakirə edilmişdir.
Qeyd edilmişdir ki, ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi istiqamətində həyata keçirilən işlərdən biri də əhali arasında aparılan maarifləndirmə tədbirləridir. Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər biri 4 nəfərdən ibarət olmaqla yaradılmış 30 mobil qrup tərəfindən yaşayış məntəqələrində əhali arasında profilaktik-maarifləndirici söhbətlər aparılır, onlara yazılı təbliğat materialları və maskalar təqdim edilir. Sakinlərlə maarifləndirici söhbətlər zamanı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ictimai nəzarəti gücləndirmək, toplu halında yığışmamaq, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə etmək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək, məsafəni saxlamaq, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur.
Videomüşavirənin sonunda İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində Baş Nazirin verdiyi tapşırıqların icrası ilə bağlı göstərişlərini verdi.

Keçidlər