Ermənistan hakimiyyətinin guya yeni yüksəkliklər əldə etməsi barədə iddiaları tamamilə yalan və dezinformasiyadır
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Son günlər ərzində baş verən proseslər də bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir. Erməni hücumu nəinki dəf edildi, hətta yağı düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Şanlı ordumuz peşəkardır, qüdrətlidir. Onsuz da Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq. Sadəcə, Ermənistan indi saman çöpü axtarışındadır, eyforiyadadır. Təcavüzkar ölkə anlayır ki, işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur. Ona görə də belə mənasız provokasiyalara əl atır. Ermənistanın sərhəd xəttində növbəti təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Amma düşmən qüdrətli ordumuz, canını vətən uğrunda, suverenliyimiz uğrunda fəda edən igid, mərd oğullarımızın sayəsində heç bir zaman istəyinə nail ola bilməyəcək. Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.