Ağstafa rayonunun Ağgöl kəndinin örüş torpaqlarının satılması barədə kənd sakinlərinin 23.07.2020-ci il tarixində sosial şəbəkədə paylaşdığı video ilə bağlı məlumat
Kənd sakinlərinin iddia etdikləri 140 ha əkin kateqoriyasına aid dövlət ehtiyat fondu torpağı əkinçiliyin inkişaf etdirilməsi məqsədilə RİH başçısının 2014-cü il tarixli sərəncamı ilə 10 il müddətinə Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini, Bakı şəhərində qeydiyyatda olan Əsgərov Etibar İsman oğlunun icarəsinə verilmiş, 2019-cu ildə sözügedən torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən çıxarış alınmışdır.
Araşdırmalarda müəyyən edilmişdir ki, kəndin örüş sahəsi olmamış və uzun illər istifadəsiz qalmış həmin torpaq sahəsi sahibkar tərəfindən əkinə yararlı vəziyyətə gətirilərək, ərazidə yeni nasosxana inşa olunmuş, çiləmə üsulu ilə suvarma sistemi qurulmuş, müasir işıqlandırma sistemi və yeni transformator quraşdırılmış, müasir texnika və avadanlıqlar alınmış, təsərrüfata ümumilikdə 1,0 milyon manata yaxın investisiya qoyulmuşdur. 2019-cu ilin təsərrüfat ilində 114 ha buğda əkinindən 218 ton, 26 ha sarımsaq əkinindən 120 ton məhsuldarlıq əldə olunmuşdur. Eyni zamanda Ağgöl kəndinin və qonşu kəndlərin 150 nəfərə yaxın sakini həmin ərazidə işlə təmin olunur.
RİH başçısı 2020-ci il iyulun 01 və 17-də kənd sakinləri ilə görüşmüş və iddialarının əsassız olması barədə onlara hüquqi izahat verilmişdir. Həmçinin E.Əsgərovun həmin torpaq sahəsinin 20 ha hissəsini əvəzsiz olaraq kənd sakinlərinin istifadəsinə verməyə razı olduğu onlara bildirilmişdir.