2023-cü il Heydər Əliyev İli” çərçivəsində Ağstafada “Kitab Bayramı” təşkil olunub
“2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq Ağstafa şəhəri, Səməd Vurğun adına mədəniyyət və istirahət parkında təşkil olunan kitab bayramında məsul şəxslər, Ağstafa Mərkəzi Kitabxana sisteminin əməkdaşları, ağstafalı yazarlar, şairlər, fəal oxucular, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müxtəlif elm sahələrini əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar.
Dövlət Himnimizin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ağstafa Mərkəzi Kitabxana sisteminin direktoru Solmaz Nağıyeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin qayğısı nəticəsində kitabxana işi üçün ayrılan xərclər ildən-ilə artırılır, bu sahənin maddi-texniki bazası gücləndirilirdi. Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına xüsusi fikir verilirdi. Bütün bunların nəticəsində sovet hakimiyyəti illərində Azərbaycan kitabxanalarının fondlarının zənginləşdirilməsinin zirvə nöqtəsi məhz həmin illərdə oldu.
Digər natiqlər, Ağstafa Hüseyn Arif ədəbi məcəlisinin rəhbəri Saqif Qaratorpaq, şair Qurban Həmidoğlu, xalq artisti Tariyel Qasımov, şairə Əsli İsmayılqızı bu sahədə Ümummilli Lider Heydər Əliyevin əməli işlərinin məntiqi nəticələrdən bəhs edərək ölkəmizdə mədəniyyət, elm və incəsənət sahəsinə göstərilən yüksək dövlət qayğısı üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Eyni zamanda bilik mənbəyi olan kitabın geniş təbliğində bu cür tədbirlərin yüksək əhəmiyyətindən söz açılıb.
Mədəniyyət və incəsənət nümayəndələrinin, eləcə də istedadlı uşaqların təqdimatında nümayiş etdirilən ədəbi-bədii kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Fəaliyyətlərində fərqlənən kitabxana işçiləri müvafiq fəxri fərmanlarla təltif olunublar.