2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa rayonu ərazisində genişmiqyaslı ağacəkmə aksiyası və ümumrayon iməcliyi keçirilib
15 mart 2025 | 13:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar müvafiq Tədbirlər Planına uyğun olaraq yaz mövsümündə Ağstafa rayonu ərazisində ilk ağacəkmə və ümumrayon iməcliyi təşkil olunub.
Ekoloji aksiyada Ağstafa RİH başçısı Seymur Orucov, məsul şəxslər, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yerli iqlim şəraitinə uyğun minə yaxın sərv ağacının əkildiyi ərazilərdə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib. Qurumuş ağaclar çıxarılaraq yeniləri ilə əvəzlənib, həmçinin ağacların suvarılması üçün damla suvarma sistemi qurulub.
Qeyd olunub ki, ölkəmizin hər yerində bu cür ekoloji aksiyaların təşkilinin başlıca məqsədi cəmiyyətin ekoloji maarifləndirilməsi, yaşıllıq sahələrinin artırılmasının təşviqi, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdən ibarətdir.