Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın silahlanması işğalçılıq siyasətinə xidmət etməklə, beynəlxalq sülhə ciddi təhlükə yardır

15 avqust 2020 | 11:00

İşğalçı Ermənistanın beynəlxalq konvensiyaları, o cümlədən “Avropada adi silahlar haqqında” Müqaviləsinin şərtlərini və prinsiplərini kobud surətdə pozması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində aparılan sülh danışıqlarının həllinə deyil, əksinə işğalçılıq siyasətinin möhkəmlənməsinə xidmət edir. Dünya ölkələrinin işğalçılıq siyasəti yürüdən və beynəlxalq hüquq prinsiplərini pozaraq qonşu ölkələrə ərazi iddiası ilə çıxış edib, ölkələrin ərazisini işğal edən Ermənistana silah satması beynəlxalq sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır. Ermənistan əldə etdiyi bu silahları ilk növbədə Azərbaycana qarşı istifadə edib, işğalçılıq mövqeyini möhkəmləndirməyə, əlavə ərazilər işğal etməyə çalışır. Ermənistan ordusu iyulun 12-də Azərbaycanın dövlət sərhəddinin Tovuz istiqamətində belə bir cəhdə əl atdı, amma bu cəhd uğursuzluğa düçar oldu. Düzdür, Ermənistan belə bir təxribata əl atmaqla üçüncü tərəfi, daha doğrusu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına (KTMT) üzv olan ölkələri bu prosesə cəlb etmək istəyirdi, ancaq niyyətləri puça çıxdı. Ermənistan baxmayaraq ki, 1992-ci ildən təşkilatın yarandığı ilk gündən KTMT üzvü olsa da, üzv ölkələrlə əməkdaşlığı yüksək olmayıb. Əksinə KTMT üzv ölkələrinin Azərbaycanla daha sıx münasibəti olub. Ona görə də Ermənistanın bu niyyəti baş tutmadı və Ermənistana dəstək vermədilər. Əslində KTMT-yə üzv ölkələr bu mövqeyi ilə Azərbaycanın yanında olduqlarını göstərdilər. Azərbaycanın dəstək verdiyi Serbiyanın Ermənistana silah verməsi heç cür anlaşılan deyil. Ermənistan ordusunun iyulun 12-də Azərbaycana qarşı törətdiyi təxribat hadisəsindən bir neçə gün öncə Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilməsi ciddi etirazla qarşılandı və Belqradın bu hərəkəti kəskin formada qınanıldı. Serbiyanın bu hərəkəti rəsmi Bakı tərəfindən iki ölkə arasındakı mövcud münasibətlərini ruhuna zidd olduğu və bundan təəssüf hissi keçirildiyi qeyd edildi. Çünki ən çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib və Kosovanın müstəqilliyini tanımayıb. Ona görə də Azərbaycan rəsmi formada Serbiyaya öz etirazını bildirdi. Bunun nəticəsi olaraq avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi. Vəziyyətin araşdırılması məqsədi ilə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər etməli oldu. Bakıda keçirilən görüşlərdə bir daha iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirəcək hərəkətlərə yol verilməməsi və təhlükəsizlik, həssas informasiyaların mübadiləsi və digər mühüm istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edildi. Ermənistan təkcə rəsmi formada deyil, eyni zamanda müxtəlif ölkələrdən gizli yolla silah alır. Bu da bölgədə ciddi narahatçılığa səbəb olur. Ona görə də beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT MQ həmsədr ölkələr Ermənistanın silahlanmasının qarşısını almalı və yürütdüyü işğlaçılıq siyasətə görə sanksiyalar tətbiq edilməlidir. Əks təqdirdə gələcəkdə bölgədə yarana biləcək hər hansı hərbi eskalasiya zamanı məsuliyyət beynəlxalq aləmin və ATƏT-in üzərinə düşəcək. Çünki nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar zamanında Ermənistanın silahlanmasına qarşı çıxıb, beynəlxalq konvensiyaları kobud surətdə pozmasının qarşısını almamasıdır. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT MQ həmsədr ölkələri işğlaçı Ermənistana təzyiq edərək, bu ölkənin silahlanmasının qarşısını almağı və işğalçılıq siyasətindən geri durmağa vadar etməlidir. Əgər sabah hər hansı hərbi əməliyyatlar başlasa Ermənistanın əldə etdiyi silahlar o qədər də əhəmiyyətli rol oynamayacaq. Ermənistan nə qədər silahlansa da, Azərbaycan ordusundan zəif olaraq qalacaq. Ermənistan bunu yaxşı bilir. Bildiyinə görə də, nə qədər gec deyil Ermənistan və ona havadarlıq edənlər işğlaçılıq siyasətindən əl çəkib, münaqişəni beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həllinə nail oldun. Bu nə qədər tez olsa, bir o qədər yaxşıdır. Əgər bu nə qədər tez baş versə, bundan daha çox udan Ermənistan olacaq. Əksinə silahlanma Ermənistana indiyədək heç bir xeyir gətirmədiyi kimi, bundan sonra da gətirməyəcək. Silahlanma Ermənistana ancaq bədbəxtlik vəd edir.

Keçidlər