Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafadan xəbərlər. (Xalq qəzeti. 19.09.2020-ci il)

19 sentyabr 2020 | 11:00

 

Son aylar Ağstafanın ictimai-siyasi həyatında müsbət dinamika, abadlıq-quruculuq işlərinin geniş vüsət alması, sakinlərin, o cümlədən ic­timai təşkilatların fəallığı, təşəbbüskarlığı açıq-aşkar hiss olunur. Adamlar rayonda baş verən dəyişikliyi ölkə Prezidenti İlham Əliyevin Ağstafa­ya və ağstafalılara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirirlər.

“Abad həyət” layihəsi uğurla davam etdirilir

Son vaxtlar Ağstafada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu baxımdan “Abad həyət” layihəsi maraq doğurur. Hazırda həmin istiqamətdə işlər sürətlə davam etdirilir, yeni, abad məhəllələr salınır.

Ölkə rəhbərliyinin müva­fiq tapşırığına uyğun olaraq Ağstafa rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri tezliklə rayonun simasını tamamilə dəyişəcəkdir. Maraqlı­dır ki, xeyirxah təşəbbüsə rayon ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatlar da həvəslə qoşulublar.

Bu həftə çoxmərtəbəli yaşayış binalarından birinin həyətində keçirilən ağacəkmə aksiyasında YAP Ağstafa Ra­yon Təşkilatı Gənclər Birliyinin könüllüləri də iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov da könüllülərlə birlikdə ağac əkmiş, digər abadlıq-yaşıllıq işləri ilə məşğul olmuşdur.

Rayon rəhbəri 600-dən çox bal toplayanlarla görüşdü

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Sey­mur Orucov bu il ali təhsil müəssisələrinə qəbul zamanı 600-dən çox bal toplayan məzunlarla görüş keçirmiş­dir. Koronavirus təhlükəsi ilə əlaqədar operativ qərargahın tələblərinə uyğun olaraq açıq şəraitdə keçirilən görüşdə icra hakimiyyətinin başçısı yüksək nəticə əldə edərək tələbə adını qazanmış 16 nəfər məktəb məzununu təbrik etmiş, onlara təhsildə, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyi arzulamışdır.

Tələbələrə rayon icra hakimiyyətinin diplom və hədiyyələri təqdim olunmuşdur.

Tədbirdə çıxış edən tələbələr təhsilə göstərdiyi yüksək diqqət və qayğı­ya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Sərhəddəki birincilərə məktəbli ləvazimatları hədiyyə olundu

Rayonun sərhəd kəndlərində birinci si­nif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə olunub.

15 sentyabr Bilik Günündə Ağstafa rayonunun düşmənlə həmsərhəd kəndləri olan Köhnəqışlaq və Yaradulluda ilk dəfə məktəbə qədəm qoyan birincilərlə görüş keçirilib. Birincilərə gələcək təhsillərində böyük müvəffəqiyyətlər arzu olunub və onlara məktəbli ləvazimatları paylanılıb.

Köhnəqışlaq kənd tam orta məktəbinin direktoru Mahirə Əsgərova və Yaradullu kənd ümumi orta məktəbin direktoru İlahə Novruzova müəllim və valideynlər adından onlara hər zaman göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

 

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

http://xalqqazeti.com/az/news/56627 

Keçidlər