Ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatı ictimaiyyət tərəfindən çox müsbət qarşılandı
Sentyabr ayının 27-si hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır. Bu yeni tarix ötən əsrin 90-cı illərinin əvvəllərində yazılan məğlubiyyətlər deyil, əksinə, qalibiyyətlər, zəfərlər tariximizdir. Belə bir məsuliyyətli mərhələdə ölkəmizdə mövcud olan 52 siyasi partiyadan 50–nin birgə bəyanat imzalayaraq həmrəylik nümayiş etdirməsi çox əhəmiyyətli məsələdir. Siyasi partiyalar birgə bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması istiqamətində atdığı qətiyyətli addımları dəstəklədiklərini bildirdilər. Bu addım xalq–iqtidar birliyinə siyasi sistemimizin daxili aktorlarının verdiyi dəstək oldu və ictimai rəydə olduqca müsbət qarşılandı: “Azərbaycanın ən yeni siyasi tarixinin şərəfli səhifələrinin yazıldığı bu tarixi mərhələdə Azərbaycan xalqı və Ali Baş Komandanla birlikdə həmrəylik nümayiş etdirə bilməyən iki siyasi partiya - Müsavat Partiyası və Xalq Cəbhəsi Partiyası isə xalqımızın iradəsinin əksinə getməklə özlərini tarixin arxivinə gömmüş oldular. Bu, əslində həmin partiyaların intiharı deməkdir. Çünki belə həssas və məsuliyyətli, milli maraqlarımız baxımından bütün vacib əhəmiyyətli məsələlərdən daha vacib olan bir məsələdə xalqın yanında olmamaq, onun milli davasına dəstək verməmək həmin siyasi partiyalar üçün özünəqəsddən başqa bir şey deyil. Əslində burada partiya iradəsi, yaxud ifadəsi bəlkə də o qədər doğru deyil. Bu iki partiyada partiya adından qərar qəbul edən Azərbaycan siyasi sisteminə kin-küdurət, siyasi intriqa, barışmazlıq gətirən İsa Qəmbər və Əli Kərimlidir. Ötən illərin təcrübəsi də onu göstərir ki, bu məntiq doğrudur. Çünki vaxtilə bu iki şəxsin ətrafında olan çoxsaylı siyasətçi və partiya fəalları ya partiyadan kənarlaşıb, ya da siyasi fəaliyyətləri üçün başqa platforma müəyyən ediblər. Etiraf etmək lazımdır ki, onlardan daha istedadlı və rasional düşüncəli olanları xeyli uğurlar qazanaraq parlamentdə təmsil olunacaq qədər tərəfdar və səs toplaya bildilər. Bu isə, əslində, siyasi münasibətlərimizə əlavə rəng palitrası gətirməklə siyasi sistemimizi daha da zənginləşdirib. Ancaq əlbəttə ki, özündə iradə taparaq ən çətin tarixi anlarda belə xalqla, xalqın legitim siyasi iradəsi ilə bərabər olmağı bacarmayanlar siyasi səhnəni tərk etməyə məhkumdurlar. Şübhəsiz ki, bu, təəssüf yox, təqdir olunmalı hadisədir. Çünki onların yerinə siyasi sistemimizə daha konstruktiv və yeni ideyalar təqdim edə biləcək yeni gənc nəsil siyasətçilər gələcək”.