Tatlı kəndində səyyar qəbul – görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev sentyabrın 18-də rayonumuzun Tatlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qoşqar Hüseynov Tatlı və Yaradullu kəndləri barədə iclas iştirakçılarına geniş məlumat verdi. O, qeyd etdi ki, Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Tatlı və Yaradullu kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Yaqub İsmayılov yeni istifadəyə verilmiş Tatlı kənd tam orta məktəbinə təbii qazın verilməsinin tezləşdirilməsini xahiş etdi.
2. Ruhiyyə Əliyeva iş yerlərinin açılması barədə çıxış etdi.
3. Yaşar Hacıyev ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
4. Mikayıl Namazov Tatlı kəndində yeni tibb məntəqəsinin inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
5. Reyhan Hacıyeva Tatlı və Yaradullu kəndlərinə verilən təbii qazın təzyiqinin artırılmasını xahiş etdi.
6. Hüseyn Hüseynov Hüseyn Arif adına Ağstafa 7 illik uşaq musiqi məktəbinin yerləşdiyi bina yararsız olduğundan, yeni binanın inşa edilməsindən danışdı.
7. Rakif Musayev Tatlı kəndinin “Baymalılar “ məhəlləsində iki istiqamətdə yolun təmir olunmasına ehtiyac olduğunu vurğuladı.
8. Qənbər İsmayılov İstehsal olunan kənd təsərrüfatı məhsullarının, xüsusi ilə üzüm məhsulunun saxlanılması və satılmasında olan problemdən danışdı.
9. Böyükxanım Əliyeva Tatlı kəndində Rzalar və Allahverən məhəllələrinə gedən yolların təmir edilməsini xahiş etdi.
10. Arzu Musayev gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsini təklif etdi.
11. Etibar Hüseynov Ağstafa-Tatlı -Köhnəqışlaq asfalt avtomobil yolunun təmir olunmasına ehtiyac olduğunu qeyd etdi.
12. Əjdər Zeynalov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. O, sərhəd kəndi kimi Tatlı kəndinin həmişə diqqət mərkəzində olmasını qeyd etdi. Kənddə müasir üslubda inşa edilən 220 şagird yerlik tam orta məktəbin istifadəyə verilməsi buna bariz nümunə kimi yığıncaq iştirakçılarının nəzərinə çatdırıldı.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.