Ağstafa rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi
3 sentyabr 2013-cü il tarixdə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Ağstafa rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi. İlk öncə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və təhsil işçiləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstəsi qoydular.
Konfransı giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dərs ilinin başlanması münasibəti ilə təhsil işçilərini təbrik etdi və yeni dərs ilində daha uğurlu nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatlarından, təhsil sahəsinə göstərilən diqqət və qayğıdan geniş danışdı. Qeyd olundu ki, rayonda da bu sahəyə geniş diqqət yetirilmiş ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmiri və yeni məktəb binalarının tikilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, ötən tədris ili Tatlı və Düzışlaq kənd tam orta məktəbləri üçün müasir standartlara cavab verən binalar tikilib istifadəyə verilmiş, yeni tədris ilində isə Soyuqbulaq qəsəbə, Göycəli və Köçəskər kənd 1- saylı tam orta məktəbləri istifadəyə veriləcəkdir. Kolxəlfəli və Eynallı kənd tam orta məktəblərinin yaxın günlərdə tikintisinə başlanılacaqdır.
Daha sonra rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quliyev geniş məruzə ilə çıxış etdilər.
Konfransda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxundu.
Daha sonra “Yüksək nəaliyyətlər qazanmış pedaqoji işçilərin və şagirdlərin Ağstafa rayon İcra hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunması barədə” Ağstafa rayonu İcra hakimiyyətinin 2 sentyabr 2013-cü il tarixli 170 saylı Sərəncamı ilə bir çox ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlara, pedaqoji fəaliyyətində fərqlənən müəllimlərə və tədrisin keyfiyyətinin yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə bir sıra məktəblərə rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları və hədiyyələri təqdim olundu və xatirə şəkili çəkdirildi.
Ümumilikdə konfrans işgüzar şəraitdə keçdi.