Azərbaycanın böyük, tarixi qələbəsinə təsadüf edən Azərbaycan Respublikası Konstitusiyasının 25 ili tamam olur
Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri
Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bu gün Azərbaycan üçün tarixi bir gündür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi həm siyasi, həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı. Konstitusiyanın 25-ci ildönümünün Vətən Müharibəsində böyük qələbəmizə təsadüf etməsi bu tarixi daha da əlamətdar etdi.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla icra edərək böyük qələbəyə imza atmışdır.
Qırx dörd gün sürən zəfər yürüşü ərzində ölkəmiz döyüş meydanında hərb tarixinə düşəcək böyük uğurlar əldə etmişdir. Bu müddət ərzində hər gün cəbhədən yaxşı xəbərlər gəlmişdir. Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərindəki beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində işğal olunmuş torpaqlarımızın böyük hissəsi bu müddət ərzində işğalçılardan azad edilmişdir, 300-ə yaxın yaşayış məntəqəsi – şəhərlər, kəndlər işğalçılardan azad olunmuşdur. Bu gün böyük qürur və fəxarət hissi ilə deyə bilirik ki, Azərbaycanın şanlı bayrağı millətimizin mədəniyyət beşiyi olan Şuşa şəhərində dalğalanır.
Simvolik haldır ki, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Konstitusiyamızın qəbul edilməsinin 25 illik yubileyi Böyük Qələbəyə təsadüf edib. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan bu Konstitusiya Azərbaycan xalqının keçdiyi inkişaf yolunun məntiqi nəticəsidir.
Hələ 1918-ci ildə Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə olaraq xalq cümhuriyyəti yaratmış, özünün demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına sadiqliyini bəyan etmişdi. Azərbaycanın indiki Konstitusiyası isə xalqımızın müstəqil, azad, demokratik dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini vermək əzmini və iradəsini nümayiş etdirir. Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 25 il bundan əvvəl qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.
Bir qayda olaraq, müstəqillik əldə edən və demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə yeni konstitusiyanın qəbulu zərurətə çevrilir. Belə ki, müasir demokratik dövlətlərdə konstitusiya dövlətin bütövlükdə hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə hüquq düşüncəsinə və hüquqi-siyasi münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Ölkədə siyasi sabitliyin, ictimai sülhün, bəzi hallarda hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiyalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, şəxsiyyətin statusunu, insan hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, konstitusiyalar həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.
Azərbaycan konstitusionalizminin tarixinə nəzər saldıqda, görərik ki, Azərbaycanın Konstitusiyasının ilk qəbulu məhz SSRİ dövrünə təsadüf edir. 1921-ci il may ayının 19-da I Ümumazərbaycan Qurultayı tərəfindən 1918-ci il RSFSR Konstitusiyasının əsasında hazırlanmış Azərbaycan SSR-in Konstitusiyası qəbul olunmuşdur. Bu, ümumilikdə, Azərbaycanın dövlətçilik tarixinin bir mərhələsidir və burada bir çox hüquq və azadlıqlar da öz əksini tapmışdı, mərkəzi dövlət - hakimiyyət orqanlarının təşkili və fəaliyyətinin əsasları müəyyən olunmuşdu.
Azərbaycanın sayca ikinci Konstitusiyası 1927-ci ilin mart ayında qəbul olunmuşdur. Həmin Konstitusiyada 1921-ci ilin Əsas Qanunundan ciddi şəkildə fərqlənən məsələlər yox idi. Bu Konstitusiya daha çox sovet hakimiyyətinin əsaslarını təsbit edən Əsas Qanun kimi yadda qalmışdır.
Daha sonra 1936-cı ildə SSRİ Konstitusiyasının qəbulu 1937-ci ildə Azərbaycan SSR-in sayca üçüncü Konstitusiyasının qəbul olunmasına gətirib çıxardı. SSRİ Konstitusiyasına müvafiq olaraq 1937-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında bir sıra yeniliklər nəzərə çarpırdı. İlk dəfə olaraq vətəndaşlıq hüququ, vətəndaşların sosial-iqtisadi hüquqları, Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı bir çox müddəalar öz əksini tapmışdır.