Yeni reallıq: Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası
Vətən müharibəsi bitdi, Azərbaycan ərazi bütövlüyü təmin edildi, Dağlıq Qarabağ münaqişəsi həll olundu.
30 ildir mövcud olan bu reallığı Azərbaycan 45 günə darmadağın edərək, yeni reallıq yaratdı. Bu reallığın adı Azərbaycan üçün Qələbə, Ermənistan üçün kapitulyasiyadır.
45 günlük müharibənin hərbi cəbhəsi: 300-ə yaxın kənd, Qarabağın incisi sayılan, həm tarixi, həm mənəvi dəyəri olan Şuşa da daxil olmaqla 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin yüzlərlə hərbi texnikası sıradan çıxarıldı, bir o qədəri ələ keçirildi, 10 minə yaxın canlı qüvvəsi məhv edildi.
Ermənistan ordusu aldığı zərbədən acınacaqlı vəziyyətə düşdü: fərarilik, daxili çaxnaşma, komandanlıq arasında əlaqənin itməsi.
Qarabağın incisi olan Şuşanın azad olunması, bir gün sonra isə 70-dən çox kən, 8 strateji yüksəkliyin düşməndən təmizlənməsi Ermənistanı diz çökməyə və kapitulyasiyaya məcbur etdi.
9 noyabr: Azərbaycanın qələbə, Ermənistanın kapitulyasiya tarixi
Ali Baş Komandan, Prezident İlham Əliyev fərxlə qələbə bəyannaməsini imzaladı, erməni baş nazir Nikol Paşinyan isə sənədi gizli şəkildə, gözlərdən uzaq yerdə izaladı. Azərbaycan xalqı bayram edir, Ermənistanda isə Paşinyana qarşı etiraz dalğası böyüməkdədir.
Bəyanat tam olaraq Azərbayanın maraqlarına uyğundur:
- Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır;
- Noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçın azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır;
- Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamlanmasına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. (Azərbaycan vaxt tamam olanda sülhməramlıları çıxara bilmək haqqına sahibdir);
- Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir;
- Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu;
1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.
Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.
Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar.
30 il ərzində gedən danışıqlar prosesində müxtəlif razılaşma variantları müzakirə olunurdu, lakin heç biri indiki razılaşma qədər Azərbaycanın maraqlarını təmin etməyib. 30 illik sülh danışıqları prosesində Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. İndi tamamilə fərqli mənzərədir.
Dağlıq Qarabağa heç bir status verilmədi, bu məsələ tamamilə sıradan çıxdı. Qarabağda yeni erməni dövlətinin yaradılması planları da alt-üst oldu.
Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 45 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.
- İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır;
- Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir;
- Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək;
- Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir;
- Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir;
- Kəlbəcər, Ağdam və Laçınının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 kilometrlik kiçik Laçın dəhlizi əlaqələndirəcək;
- Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq;
Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diqtə edir. Bu, Azərbaycanın tam qələbəsidir. Bu taixi qələbəni Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusu əldə etdi.