Ağstafada daha bir karantin rejimini pozan koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq oqranları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Ağstafa rayon sakini, 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlundan, 07.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə bağlı götürülən testin nəticəsi pozitiv qiymətləndirilmişdir. R.Qadirli xüsusi karantin rejiminə əməl edərək həmin müddəti yaşadığı evdə keçirməli olduğu halda, bu tələbə məhəl qoymayaraq 08.11.2020-ci il tarixdə idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə də o, karantin rejimini kobud surətdə pozmaqla yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanmışdır. İstintaqın aparılması üçün iş aidiyyəti üzrə Ağstafa Rayon Polis Şöbəsinə göndərilmişdir. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.