“Vətən müharibəsi qəhrəmanı”, şəhidimiz AZƏR YUSİFLİ
Yusifli Azər Nazim oğlu, 1994-cü il mart ayının 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Tam orta təhsilini böyüyüb, boya-başa çatdığı Böyük Kəsik kəndində alıb. Orta məktəbi bitirdikdən sonra 2012-ci ilin aprelində hərbi xidmətə yollanır və Ədliyyə Nazirliyinin Penitensiar xidmətində kiçik çavuş rütbəsi ilə xidmət edir. Qəhrəmanımız gələcəkdə də fəaliyyətini vətəninə, torpağına xidmət etmək eşqində olur. Beləliklə də həqiqi hərbi xidmətini nümunəvi şəkildə başa vurduqdan sonra müvafiq sənədlərini Sərhəd Qoşunlarına təqdim edir . Azər bütün meyarlarına görə yüksək qiymətləndirilərək arzu etdiyi işə qəbul olunur. Sərhəd xidmətində fəaliyyətinə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin N nömrəli hərbi hissəsində başlayır. Xidmətdə fərqləndiyinə görə, dəfələrlə komadirləri, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərman və medallarla mükafatlandırılıb. Hərbi döyüş və idman hazırlığında xidmətlərinə görə öz arzusu ilə Mərdəkanda yerləşən sərhəd qoşunlarına məxsus xüsusi təyinatlı dəstəyə göndərirlər. Orada keçirilən döyüş təlimlərində və taktiki, texniki fəaliyyətlərində Azər üstünlüklər qazana bilir. Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarına məxsus, xüsusi təlim keçmiş “Xüsusi təyinatlı kəşfiyyat dəstəsi” bütün torpaqların azad olunması üçün ön sırada xidmətə yollanır. Həmin dəstənin üzvü olan Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışırlar. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı məhz Azər sancıb. 26 yaşlı şəhidimiz Azər ümumilikdə 26 ərazidə Azərbaycan bayrağını ucaltmışdır. Müharibənin ilk həftəsində Azər yaralanır və hospitalda müalicə almalı olur. Həkimlər deyir ki, gecə-gündüz növbə çəkir, onu saxlamağa çalşırdılar. Üç gün sonra Azər hələ tam sağalmamış yaralarını sarıyıb döyüş meydanına qayıdır. Bu sadəcə hünər işi deyil, bunun üçün həm də Vətəni sevən böyük ürək lazımdır. Son döyüşdə bizimkilər ermənilərlə qeyri-bərabər qüvvə ilə döyüşürdülər. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 əsgər və zabitini əsir götürür, 42 nəfərini isə məhv edir. Həmin döyüşdə Azər düşmənin atdığı qumbaradan ağır yaralanır. Qərhəmanımız aldığı ağır yaralardan sonra şəhidlik zirvəsini fəth edir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən müharibəsi qəhrəmanı” adı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!