Ağstafa RİH başçısı əsirlikdən azad edilən Amin Musayevi ziyarət edib
Ağstafa RİH başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində döyüş tapşırığını yerinə yetirərkən yaralanaraq düşmənə əsir düşmüş Amini Musayevi evində ziyarət edib. İcra başçısı Aminlə söhbətində bildirib ki, nəinki ağstafalılar, bütün xalqımız onunla və onun kimi oğullarımızla qürur duyur. Aminə və ailəsinə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir. Onun əvvəlki sağlamlığına qovuşması üçün bütün zəruri tədbirlər görülür. Söhbət əsnasında Aminin anası və yaxın qohumları,onun sağ-salamat doğma evinə döndüyü üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Aminin anası bir daha vurğulayıb ki, zərurət yaranarsa yeganə övladını yenidən müzəffər Ali Baş Komandanın əmri ilə tərəddüd etmədən vətənin müdafiəsinə yollamağa hazırdır.