Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin olundu
17 sentyabr 2013-cü il tarixdə Ağstafa çayının sol sahil yaşayış məntəqəsi olan Qarahəsənli kəndində təbii qazın verilməsi ilə əlaqədar geniş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk növbədə təbii qazın verilməsi münasibəti ilə kənd sakinlərini təbrik etdi. Respublikamızda görülən işlər barədə o, cümlədən rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işlərinə dair ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na uyğun olaraq rayonumuzda yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri davam etdirilir. Qarahəsənli kəndinə təbii qazın verilməsi ilə rayonun 23 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş oldu. Yaxın günlərdə Düzqışlaq və Kolayır kəndlərinə də təbii qaz veriləcəkdir. Hazırda bu istiqamətdə rayonun Qırılı, Pirili və Kolxəlfəli kəndlərində işlər davam etdirilir.
Daha sonra tədbirdə çıxış edən kənd sakinləri Nuru Rəhimov və Nürəddin Hüseynov kəndə çəkilmiş yeni avtomobil yolu ilə yanaşı təbii qazın verilməsinə görə bütün kəndlilər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev kəndə təbii qazın verilməsini ifadə edən rəmzi məşhəli alovlandırdı.