Ağstafa şəhəri Ağamalıoğlu küçəsi 1a və 1b saylı çoxmənzilli yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri Ağamalıoğlu küçəsi 1a və 1b saylı çoxmənzilli yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Şəfiqə Qurbanova qış mövsümündə hər iki binaya normal qaydada istilik sisteminin verilməsini xahiş etdi.
2. Zabit Hacıyev rayon mərkəzindəki dəmiryolu və 110/35/10 kv yarımstansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin şəhərin kənarına çıxarılmasını təklif etdi.
3. Şöhrət Orucov İş yerlərinin açılmasının vacibliyi barədə danışdı.
4. Çimnaz Əliyeva 1a və 1b saylı çoxmənzilli yaşayış binalarının yeni inşa edilən kanalizasiya sisteminə və içməli su şəbəkəsinə qoşulmasına ehtiyac olduğunu qeyd etdi.
5. Əfqan Qasımov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
6. Pakizə Məmmədova hər iki binaya verilən içməli suyun verilmə müddətinin artırılmasını xahiş etdi.
7. Eldəniz Nəbiyev şəhərdə Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşa edilməsini təklif etdi.
8. Vüqar Yolçuyev binaların həyətində toplanan məişət tullantılarının vaxtında yığılaraq daşınmasının təmin edilməsi barədə danışdı.
9. Şahbaz Hüseynov Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün İdman Sağlamlıq Kompleksinin inşa edilməsini təklif etdi.
10. Aybəniz Heydərova mərkəzi küçədən yaşayış binalarına qədər olan yola asfalt örtüyünün salınmasını xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi başa çatmaq üzrədir. M.Ə.Rəsulzadə, R.Alıcanov və Ü.Hacıbəyov küçələrində quruculuq işləri tam başa catmış və əhalinin istifadəsinə verilmişdir. Yaxın vaxtlarda R.Əsədov və M.Allahverdiyev küçələrinin yenidən qurulmasına başlanılacaq.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.