Ağstafada əhalinin COV-19 infeksiyasına qarşı vaksinasiyasına başlanılıb
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Ağstafa rayonunda əhalinin vaksinləşmə prosesinə başlanılıb. Bunun üçün “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin konsultativ poliklinikası və Muğanlı kənd Ailə Sağlamlıq Mərkəzi bölməsində TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb, xüsusi peyvənd otaqları ayrılıb. İlk olaraq Ağstafa RMX publik hüquqi şəxsin direktoru İlham Sofuyev peyvənd olunub. O, qeyd edib ki, bu mühüm tədbirdə iştirak etmək könüllüdür, lakin təhlükəli virusa qalib gəlməyimiz və doğmalarımızın da yoluxmamaları üçün hər birimizin COVID-19 infeksiyasına qarşı peyvənd olunması çox vacibdir. Peyvənd olunanlara ikinci doza 21 gündən sonra vurulacaqdır. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.