Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRTAC: Ağstafada COVID-19-a qarşı vaksinasiya davam edir

02 fevral 2021 | 11:00

Ağstafa, 1 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prosesi davam edir. Rayonda əvvəlcə tibb işçilərinin vaksinasiyası həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, yanvarın 21-dən başlayaraq peyvəndləmə prosesində 400-ə yaxın tibb işçisinə vaksin vurulub. İlkin olaraq Ağstafaya 670 dozada vaksin gətirilib.

Peyvənd üçün Ağstafa Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 6 xüsusi otaq ayrılıb. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansısa problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Bu otaqlarda gün ərzində 100 nəfərin peyvəndlənməsi mümkündür. Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək, tibb məntəqələrində quraşdırılan soyuducularda saxlanılır.

Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zoya Nəbiyeva deyib ki, peyvənd vurulan şəxslərə sertifikat da verilir. Peyvəndin ikinci dozası isə 21 gündən sonra tətbiq olunur.

Vaksinin vurulması üçün isə ixtisaslı tibbi personal xidmət aparır. Peyvənd edilən tibb işçiləri arasında hər hansı bir narahatçılıq yaşanmayıb.

“Bu gün mən də peyvənd olundum. Özümü yaxşı hiss edirəm. Heç bir narahatlığım yoxdur”, – deyə tibb bacısı Cəmilə Hüseynova bildirib.

Qeyd edək ki Ağstafa Rayon Mərkəzi Xəstəxanasında 773 nəfər tibb işçisi çalışır.

https://azertag.az/xeber/Agstafada_COVID_19_a_qarsi_vaksinasiya_davam_edir_VIDEO-1702059

Keçidlər