2 fevral - Azərbaycan Gəncləri Günü Ağstafada qeyd olunub
Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Hər il bu əlamətdar gün ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da müvafiq tədbirlərin keçirilməsi ilə qeyd olunur. Bu gün ağstafalı gənclərin iştirakı ilə keçirilən tədbirdən öncə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbir iştirakçıları mərkəzə ekskursiya etdikdən sonra YAP Ağstafa Rayon Təşkilatında onlayn formatda təşkil olunmuş tədbirə qatılıblar. Tədbirdə Gİİ-nin rəisi Əziz Məsmalıyev, Rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, eləcə də rayon ictimaiyyətinin gənc nümayəndələri iştirak ediblər. Çıxış edənlər bu günün əhəmiyyətindən, eləcə də ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından geniş söz açıblar. Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gənc Ağstafa rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar.