Yaşı 65-dən yuxarı ağstafalı ağsaqqal və ziyalılar, sağlam gələcəyimiz naminə hər kəsi COVİD-19-a qarşı peyvənd olunmağı tövsiyə edirlər
Ölkəmizin digər bölgələrində olduğu kimi, Ağstafada da əhalinin COVID-19-a qarşı peyvənd olunması prosesi davam etdirilir. Nazirlər Kabinetinin COVID-19 xəstəliyi əleyhinə təsdiq etdiyi strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində həmçinin 65 yaşdan yuxarı şəxslər peyvənd olunur. Bu yaş kateqoriyasından olan ağstafalı ağsaqqal və ziyalılar da ölkəmiz üçün peyvənd olunmağın əhəmiyyətini yüksək qiymətləndirərək könüllü olaraq vaksinasiya olunurlar. Bu gün Ağstafa RMX-nin Konsultativ Poliklinika şöbəsində peyvənd olunanlar sırasında uzun illər məsul vəzifələrdə çalışmış və Ağstafanın ictimai-siyasi həyatında fəal iştirak etmiş təqaüdçülər də yer alıb. Belə ki, uzun müddət Ağstafa Rayon İcra hakimiyyətində məsul vəzifədə çalışmış 1938-ci il təvəllüdlü Qasım Qasımov, Rayon Statistika İdarəsinin rəisi vəzifəsindən dövlət qulluğu təqaüdünə çıxmış 1947-ci il təvəllüdlü Dilşad Tağıyeva, rayonun ən qabaqcıl mühasiblərindən hesab olunan 1948-ci il təvəllüdlü Fərhad Hüseynov və ağstafalı uşaqların təlim-tərbiyəsinə uzun illərini həsr edən, Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri işləmiş 1952-ci il təvəllüdlü Elmira İsmayılova da yer alıb. Onlar, peyvənd olunduqdan sonra özlərini gumrah hiss etdiklərini bildirib və vətəndaşlarımızı daha sağlam gələcəyimiz naminə COVİD-19-a qarşı peyvənd olunmağa dəvət ediblər.