Seymur Orucov ikinci övladı dünyaya gələn şəhidimiz Mahmud Əhmədovun ailəsini ziyarət edib
Vətən müharibəsində Laçın rayonunun azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Əhmədov Mahmud Fərman oğlunun ikinci qız övladı dünyaya gəlib. Bu münasibətlə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ailəyə növbəti dəfə baş çəkib, şəhidimizin yadigarına sovqat və hədiyyələrini təqdim edib. İcra başçısı Əhmədin valideynləri Fərman ata və Aybəniz ana ilə onun keçdiyi şərəfli döyüş yolundan, eləcə də dövlətimiz tərəfindən ölkəmizin suverenliyi və azadlığı uğrunda canlarından keçmiş oğullarımızın ailələrinə göstərilən diqqət və qayğıdan geniş söz açıblar.
Qeyd edək ki, 1989-cu il avqustun 2-də anadan olan şəhidimiz ailəli idi və iki qız övladı vardır. O, həqiqi hərbi xidmətini 2007-2009-cu illərdə Silahlı Qüvvələrin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçib. 2009-cu ildə MAHHXHQ hazırlıq kursunu bitirərək Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissənində xidmətə başlayıb. 2013-cü ildə "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı ilə təltif edilib. 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən Aprel döyüşlərində qəhrəmancasına iştirak edib.
2018-ci ildə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun əsgəri olan Mahmud Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Müharibənin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə tankı düşmən tərəfindən vurulub və yaralanıb. 18 oktyabra kimi Bərdə rayon xəstəxanasında müalicə alıb. Lakin o, müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Noyabrın 3-də isə Laçın rayonu istiqamətində gedən şiddətli döyüşlərdə idarə etdiyi tank düşmən vurulması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Ağstafa rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il hərbi qulluqçuların təltifi haqqında sərəncamına əsasən, Mahmud Fərman oğlu Əhmədov ölümündən sonra “Vətən uğrunda" medalı ilə təltif edilib.