Rayonunun Düzqışlaq və Kolayır kəndlərinə təbii qaz verildi
02 oktyabr 2013-cü il tarixdə Ağstafa rayonunun Düzqışlaq və Kolayır kəndlərinə təbii qazın verilməsi ilə əlaqədar geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk növbədə təbii qazın verilməsi münasibəti ilə kənd sakinlərini təbrik etdi. Respublikamızın sürətli sosial-iqtsadi inkişafı, həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə o, cümlədən rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işlərinə dair ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na (2008-2013-cü illər) uyğun olaraq rayonumuzun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri davam etdirilir. Düzqışlaq və Kolayır kəndlərinə təbii qazın verilməsi ilə rayonun 25 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş oldu. İlin sonuna kimi rayonun Qırılı və Pirili kəndlərinin də qazlaşdırılması başa çatdırılacaqdır.
Daha sonra tədbirdə çıxış edən kənd sakinləri Valeh Bayramov, Məhsəti Vəliyeva və Yanvar Bayramov kəndə çəkilmiş yeni avtomobil yolu ilə yanaşı təbii qazın verilməsinə görə bütün sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev kəndə təbii qazın verilməsini ifadə edən rəmzi məşhəli alovlandırdı.