Daha bir ağstafalı Vətən müharibəsi şəhidimiz, Natiq Şıxməmmədovun övladı dünyaya göz açıb
Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən olan Vətən müharibəsi şəhidimiz Şıxməmmədov Natiq Zakir oğlunun oğul övladı dünyaya gəlib. Bu münasibətlə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavinləri ilə birlikdə Dağ Kəsəmən kəndində şəhidimizin ailəsini ziyarət edib və körpəsi ilə yaxından maraqlanıb. Şəhidin atası Zakir Şıxməmmədov bildirib ki, Natiqin həmişə vətənə, torpağa xüsusi sevgisi olub. O, Vətən müharibəsinin ilk günlərində, 30 sentyabrda ordu sıralarına qatılıb və Füzuli uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İcra başçısı qeyd edib ki, vətən uğrunda canından keçən hər bir şəhidimizin övladı hamımız üçün əziz və dəyərlidir. Dövlətimiz hər zaman Natiqin, o cümlədən bütün şəhidlərimizin doğmalarının yanındadır. Onların qayğıları şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevin nəzarətindədir.
Qeyd edək ki, 20.04.1991-ci ildə Dağ Kəsəmən kəndində anadan olan şəhidimizin 2 yaşında bir qız övladı da vardır.