Dövlət Proqramı çərçivəsində 220 şagird yerlik Kolxəlfəli kənd tam orta məktəbinin yeni binasının təməli qoyuldu
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bütün kənd sakinlərini bu münasibətlə təbrik etdi. Qeyd olundu ki, təkcə bu il Dövlət Proqramı çərçivəsində 220 Şagird yerlik Soyuqbulaq qəsəbə, 360 şagird yerlik Göycəli və 420 şagird yerlik 1-saylı Köçəsgər kənd tam orta məktəbinin yeni tədris korpusunun və mövcud korpusun əsaslı təmirindən sonra açılışları ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Ən əsası isə bu məktəblərin keyfiyyətli və ən müasir tələblərə cavab verməsi müəllim və şagirdlər üçün daha mükəmməl tədrisin həyata keçirilməsinə şərait yaradır ki, bu da növbəti illərdə rayonumuzdan ali təhsil ocaqlarına daha çox məzunların qəbul olmasına bir başa təkan verəcəkdir. Həmçinin bu cür müasir məktəblərdə təhsil alan şagirdlər ölkəmizin yüksək intellektli, savadlı, müasir gənclərinə çevriləcəklər. Yaxın günlərdə Eynallı kənd tam orta məktəbinin də təməli qoyulacaq və ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər bu sürətlə də davam etdiriləcəkdir.
Daha sonra çıxış edənlər Kolxəlfəli kənd tam orta məktəbinin direktoru Arifə İbrahimova, qocaman müəllim Sahil Orucov və məktəbə adı əbədiləşdirilən şəhid Rövşən Əkbərovun qardaşı Əfqan Əkbərov bütün kənd sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.
Sonda Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə 220 şagird yerlik Kolxəlfəli kənd tam orta məktəbinin tikintisinin təməli qoyuldu.