Şriftin ölçüsü :

Saytın rəngi :

Bütöv Azərbaycanın vahid amalı!

16 mart 2021 | 11:00

Bütöv Azərbaycanın vahid amalı!

Tarix həmişə hər şeyi öz yerinə qoyur.

                                  Heydər Əliyev

2020-ci il Azərbaycan tarixində çox ağır, şanlı, eyni zamanda, qürurverici tarix kimi əks olundu. 30 ilə yaxın müddət ərzində “Dağlıq Qarabağ problemi” başlığı ilə dilimizdə qəlibləşmiş ifadələr artıq “İkinci Qarabağ müharibəsi”, “parlaq qələbə” ifadələri ilə əvəz olundu.

XX əsrin sonlarında Azərbaycan Respublikası  ikinci dəfə müstəqiliyini bərpa etdikdən sonra dövlətçilik və idarəçilik ənənələrinin yenidən formalaşması dönəmində çox ağır tarixi dönəmə qədəm qoymuşdur. Həmin dövr Azərbaycanda pərakəndə və mürəkkəb siyasi vəziyyətdən sui-istifadə edən erməni işğalçıları ardıcıl olaraq 1991-1993-cü illərdə Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək müharibə vəziyyətinin yaranmasına, regionun daim gərgin münasibətdə qalmasına səbəb olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin azərbaycan xalqının çağırışı ilə hakimiyyətə gəlməsi, müstəqilliyin sonrakı mərhələlərində ardıcıl və sistemli olaraq sabit sosial, iqtisadi, siyasi sabitliyin, dövlət və ordu quruculuğunun əsasını qoymuşdur. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının 20 faizini itirmişdir. 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlar qəbul edilmiş, uzun illər ərzində həmin qərarların icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar aparılmışdır. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsılmış, münaqişənin sülh yolu ilə həllini istisna etmişdir.
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. 2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulduqdan sonra Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuş, ikinci Qarabağ müharibəsinin başlanğıcı olmuşdur. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev, öz çıxışında, "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir." - ifadələrini dilə gətirmişdir.
Almaniya Kansleri Angela Merkel və İlham Əliyev arasında baş tutan telefon zəngində, dövlət başçısı qeyd edib ki, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
Sentyabrın 27-də əks-həmlə ilə başlanan və “Vətən müharibəsi” kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar ordunu şanlı Azərbaycan Ordusu öz gücü və qüdrəti hesabına darmadağın etmişdir. Bu müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla yerdə və havada üstünlük qazanan Silahlı Qüvvələrimiz “məğlubedilməz erməni ordusu” mifini dağıtmış və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs dilənməyə və nəhayət təslim olmağa vadar etmişdir.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda siyasi-iqtisadi sabitlik hökm sürmüşdür. Xalq-hakimiyyət birliyi ən yüksək səviyyədə nümayiş olunmuşdur. İkinci Qarabağ müharibəsi dövründə də azərbaycan xalqı həmişə olduğu kimi vahid amal – vətənin bütövlüyü uğrunda birləşərək orduya, dövlətə və siyasətə, böyük qələbənin qazanılmasında Ali baş komandana və ordumuza dəstək olmuşdur.
Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Qısa müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri işğaldan azad edildi. Əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Azərbaycan tarixində şərəfli dövr kimi əks olunacaq ikinci Qarabağ müharibəsinin qələbə ilə yekunlaşmasında, Ali baş komandanımızın dediyi  kimi ilk öncə şəhid və qazilərimizə, hərbiçilərimizə borcluyuq. Müharibədən əvvəlki və sonrakı dövrlərdə dövlət tərəfindən şəhid ailələrinə və qazilərə qayğı göstərmək prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Təkcə bunu demək kifayətdir ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. 2020-ci ildə 1572 mənzil verilmiş, bu il isə 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulmuşdur.  Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilmiş, 1512 mənzildən ibarət kompleks bütün zəruri infrastrukturla təchiz edilmişdir. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi yaşayış evləri ilə təmin ediləcək. Bundan başqa qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də davam etdirilir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilmişdir. 300-dən artıq qazimiz bu protezlərlə təmin ediləcəkdir. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və normal həyata dönə biliblər. Bundan başqa müharibə əlillərinə  7200-ə yaxın minik avtomaşını verilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi  üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “YAŞAT” Fondu təsis edilmişdir. Fonda toplanmış vəsait hesabına yüzlərlə şəhid ailəsi və müharibə iştirakçılarına dəstək göstərilmişdir.  Dünyada ən böyük nemət olan ömrünü, sağlamlığını Vətən naminə qurban verən hər bir övladımız  Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Şəhid ailələri və qazilərimizə qayğı  ölkə Prezidenti tərəfindən daim diqqətdə saxlanılmaqla bu istiqamətdə dövlət tərəfindən sistemli layihə və tədbirlər həyata keçirilir.
Görülən bu kimi işlərin intensivliyi qazi və şəhid ailələrinin, ümumiyyətlə sosial qayğıya ehtiyacı olan hər bir vətəndaşın cənab prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olduğunu göstərir.


Ağstafa rayon prokuroru
Anar Cəfərov

Keçidlər