Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib

30 mart 2021 | 11:00

Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış oldu.

Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edək ki, vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini də sübuta yetirir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST Mərkəzində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstəriləcək.

Əlillər, müharibə veteranları, şəhid ailələri dövlətin hər zaman diqqət və qayğı göstərdiyi həssas kateqoriyaya aiddir. Ölkədə fəaliyyətə başlayan bütün sosial obyektlər və xidmət infrastrukturu bu meyarları özündə əks etdirir. Bununla yanaşı, Vətən müharibəsində sağlamlıqlarını qismən itirən qazilərin qısa zamanda cəmiyyətə inteqrasiyası məqsədilə reabilitasiya vasitələrinin verilməsi, onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi sosial siyasətin həm də mənəvi-əxlaqi normalara söykəndiyinin təcəssümüdür.

Prezident İlham Əliyevə ölkəmizdə sosial təminat sisteminin inkişafı barədə məlumat verən nazir Sahil Babayev dedi:

-Cənab Prezident, Sizin siyasətinizin ana xətti olan sosial təminat sistemi daim inkişaf edir. Ötən dövr ərzində təkcə sosial ödənişlər 1 milyard 800 milyon manat artıb. Pensiya ödənişləri 36 faiz, müavinət ödənişləri 120 faiz, təqaüd ödənişləri 3,5 dəfə artmışdır. Bu da əlbəttə ki, orta aylıq göstəricilərə çox ciddi təsir edib. Azərbaycan nadir ölkələrdən biridir ki, cəmi 3 il ərzində orta pensiya 60 faiz artıb. Tapşırığınıza əsasən postmüharibə dövründə müharibə iştirakçıları ilə aktiv fəaliyyətimiz davam edir. Artıq 20 mindən çox şəxsi həm sosial ödənişlər, həm psixoloji dəstək, həm də reabilitasiya vasitələri ilə əhatə etmişik. Bu şəxslərə artıq 1200 reabilitasiya vasitəsi təqdim etmişik. Məşğulluq proqramlarımız isə 3700 şəxsi əhatə edib.

“Bir pəncərə” sistemi üzrə vətəndaşlara tam şəffaf, sadə və əlçatan prosedurlar təklif etməyə imkan verən Mərkəz bu sahədə ölkəmizin yeni brendini formalaşdırır. Bundan əlavə, onu da qeyd etməliyik ki, ötən dövrdə əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.

Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirəcək. Burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir, bu isə daxili intellektual resursları üzə çıxarmağa kömək etməklə yanaşı, xidmətin yüksək keyfiyyətlə icrasında da müstəsna rol oynayır.

“DOST” Mərkəzinin tərkibindəki “Çağrı Mərkəzi” ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. “ART School” - “İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsinə imkan verəcək. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması kimi sosial islahatlar proqramının əsas hədəflərinin real müstəviyə uğurla proyeksiya olunduğu deməkdir.

Diqqətə çatdırılıb ki, indiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir. Binəqədi rayonunda, yeddi min kvadratmetr ərazini əhatə edən 4 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması da bu prosesə mühüm töhfə verəcək, daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.

Gələcək planlar barədə danışan nazir qeyd edib ki, yaxın vaxtlarda Abşeronda növbəti DOST Mərkəzi açılacaq, Quba, Sabirabad, Gəncə, Sumqayıtda da artıq bu istiqamətdə iş gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır. Əlbəttə, bu sahədə önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.

Keçidlər