Ağstafa – diqqət və qayğının əhatəsində olan rayon
Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov danışmaqdan dinləməyi daha çox sevir. Halbuki gələn ay bir il olacaq ki, bu vəzifədədir. Özü də bu müddətdə görülən işlər, maraqlı təşəbbüslər, həyata keçirilən tədbirlər kifayət qədərdir və təbii ki, bütün bunlar barədə danışmaq olar. Lakin gənc olmasına baxmayaraq, həddindən artıq təmkinli, daha dəqiq desəm, təvazökar insan təsiri bağışlayır. Daha çox ağstafalılardan, bu yerlərin zəhmətsevər insanlarından söz salır. Deyir ki, həddindən artıq mehriban, istiqanlı insanlardır və ən başlıca xüsusiyyətləri dövlətə və dövlətçiliyə həddindən artıq sədaqətli olmalarıdır.
– Rayonun ağsaqqaları ilə tez-tez görüşürəm, – deyə Seymur Orucov söhbətimizin məcrasını başqa istiqamətə yönəltməyə çalışır. – Bilirsiniz nə deyirlər? Deyirlər ki, Vətən torpağının yad əllərdə olmasından böyük faciə yox idi. Ölkə başçısı bizi bu faciədən qurtardı. Hələ də bəziləri bu qələbənin əhəmiyyətini lazımınca dərk edə bilməyib, onu kifayət qədər qiymətləndirməyiblər. Yəni, bunları ona görə deyirəm ki, biz hamımız icraçılarıq. Əgər cənab Prezident məni bu gənc yaşımda 90 min nəfər əhalisi olan böyük bir rayona icra hakimiyyətinin başçısı təyin edibsə, deməli, inanıb, etimad göstərib. Elə isə mən nə etməliyəm? Bütün varlığımla bu etimadı doğrultmalıyam, əhalinin qayğıları ilə məşğul olmalıyam. Elə bilirsiniz ki, mənə asandır bəzi sakinlərin məlum hadisələrlə bağlı keçmiş icra hakimiyyəti başçısı haqqında soruşduqlarına cavab vermək? Əlbəttə, yox. Ona görə də rayonda gördüyümüz hər bir iş – bulaq çəkməkdən tutmuş fabrik, zavod, məktəb, yaşayış binası tikməyədək – hamısı bizim vəzifə borcumuzdur. Onsuz da ölkədə son 17-18 ildə nə iş görülübsə, cənab Prezidentimizin gərgin əməyinin, uzaqgörənliyinin, apardığı düzgün daxili və xarici siyasətin sayəsində başa gəlib. Ağstafa da onun kimi. Kömək, diqqət, qayğı olmasaydı, heç nə etmək mümkün deyildi.Təkrar edirəm, biz sadəcə icraçılarıq və ona görə də həyata keçirdiyimiz işlərdən danışmağı bir o qədər də sevmirəm.
...Bu dəfə Ağstafada diqqətimi daha çox görülən işlərin əvvəlcədən planlaşdırılması və onun hazırlığının aparılması çəkdi. Yəni, kor-koranə heç nə həyata keçirilmir. Məsələn, icra hakimiyyəti hələ keçən il təşəbbüs irəli sürdü ki, şəhərdə çoxmərtəbəli yaşayış binalarının qarşısında, digər yerlərdə “Abad həyət” layihəsi həyata keçirilsin. Komissiya yaradıldı, mütəxəssislər cəlb olundu, görüləcək işlərin eskizləri hazırlandı, bir neçə dəfə müzakirə olundu. hətta sakinlərin rəyləri və arzuları da nəzərə alındı. Yalnız bundan sonra işə başlanıldı. Doğrudur, məlum pandemiya, digər sahələrdə olduğu kimi, abadlıq-quruculuq işlərinə də mane oldu, bu prosesi bir qədər ləngitdi. Lakin tamamilə dayandıra bilmədi. Rayon icra hakimiyyətinin başçısı, digər məsul şəxslər tez-tez bu sahədə işlərin gedişinə nəzarət etdilər, lazımi kömək göstərdilər. Hamının ürəyindən xəbər verən bir təşəbbüsün nəinki unudulmasına, əksinə, daha geniş yayılmasına nail oldular. Artıq belə bir nümunəvi həyət hazırdır. Hər şəraiti var. Yaxınlıqdakı bina sakinlərinin uzağa getməsinə ehtiyac yoxdur. Çünki “Abad həyət”də rahat skamyalardan tutmuş, gül-çiçəyə, uşaqların əyləncəsinə kimi, nə desən var. Artıq ikinci belə bir həyət hazırlanır. Maraqlı və təqdirəlayiq haldır ki, icra hakimiyyətinin daxili imkanları hesabına ərsəyə gələn belə məhəllələrin salınmasında sakinlər də həvəslə iştirak edirlər.
Həm şəhərdə, həm də ən ucqar kəndlərdə belə abadlıq-quruculuq işlərinin miqyası nəzərəçarpacaq dərəcədə artıb. Hazırda Təhsil Nazirliyinin sifarişi əsasında rayonun Sadıqlı kəndində 360 şagird yerlik məktəb binasının tikintisi davam etdirilir. Dağ Kəsəmən kəndinin yeni məhəlləsi qazlaşdırılmışdır. Ağstafa şəhərinə bitişik yaşayış massivinin qazlaşdırılması layihəsi hazırlanmış, xidmət sahəsinin daxili imkanları hesabına küçələrə qaz xəttinin çəkilişinə başlanılmışdır. Ağstafa elektrik şəbəkəsi tərəfindən Göycəli və Qırılı kəndlərindəki elektrik yarımstansiyalarında əsaslı təmir işləri aparılmışdır. Rayonun iri yaşayış məntəqələrindən olan Dağ Kəsəmən kəndinin 1,8 kilometr uzunluğunda olan mərkəzi küçəsində abadlıq işlərinə başlanılmışdır. Hazırda küçədə səki daşlarının quraşdırılması, işıqlandırma sisteminin bərpası işləri həyata keçirilir. Küçədə piyadaların sərbəst hərəkəti üçün səkilərin salınması və küçənin asfaltlanması işlərinə hazırlıq görülür.
Ağstafa şəhərinin Natiq Sədiyev, Ədalət Nəbiyev, Rəşid Behbudov, Füzuli və digər küçələri yenidən qurulmuş, asfalt-beton örtük salınmışdır. Yaşayış binalarının həyətləri tamamilə asfaltlanmış, söhbətgahlar təmir olunmuş, həyətlərdə abadlıq işləri başa çatdırılmışdır. Ş.Qurbanov küçəsində hər biri 5 mərtəbəli 23 və 24 nömrəli yaşayış binalarının həyətlərində vətəndaşlar tərəfindən qanunsuz aparılmış tikililər sökülmüş və hazırda ərazidə “Abad həyət” layihəsi həyata keçirilir. Şəhərin Hüseyn Arif küçəsindəki çoxmənzilli yaşayış binalarının həyətindəki asfalt örtüyündə, işıqlandırma sistemində, söhbətgahlarda da təmir işləri həyata keçirilmişdir. Mövcud parklarda və küçələr boyunca yaşıllıqların salınmasına başlanılmış, 1000 ədəddən çox müxtəlif növlü tinglər əkilmişdir.
Yaşayış məntəqələrində içməli və suvarma suyuna olan tələbatla bağlı işlər səngimir. Ötən il 10 ədəd subartezian quyusu qazılmış və cari ildə daha 6 quyunun istifadəyə verilməsi planlaşdırılır. Rayonun Həsənsu kəndində və Vurğun qəsəbəsində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə “Azərsu” ASC-nin balansında olan, uzun illər yararsız vəziyyətə düşmüş iki ədəd subartezian quyusu, onlara xidmət edən elektrik xətti və qurğuları da bərpa olunmuşdur.
Uzun illər diqqətdən kənarda qalan kəndlər indi abadlaşdırılır, sürətli internet şəbəkəsi quraşdırılır, digər problemlər həll olunur. Bu günlərdə rayon mərkəzindən 55 kilometr aralı, Gürcüstanla sərhəddə yerləşən Ağgöl kənd əhalisinin görüşünə gedən rayonun icra, hüquq-mühafizə orqanlarının rəhbərləri sakinlərdən ən xoş sözlər eşitdilər. Görün, kənd sakini Əhməd Mansırov ölkə Prezidenti İlham Əliyevə nə yazır: “Hörmətli cənab Prezident! Ölkəmizin iki cəbhədə – mənfur düşmən Ermənistan və COVID-19-la mübarizə apardığı dövrdə Siz əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində siyasətinizi dayandırmadınız, əksinə, vətəndaşlarımızın sosial rifahı ilə bağlı tədbirləri daha da genişləndirdiniz.
Bu gün bizim, Ağstafa rayonu, Ağgöl kənd sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Belə ki, hazırda rayonda aparılan abadlıq-quruculuq işləri ilə paralel olaraq, kəndimizdə əhalinin sürətli internetlə təminatı üçün quraşdırma işlərinə başlanılıb.
Həyata keçirilən işlər onu göstərir ki, qısa müddət ərzində Ağgöl kəndi internetlə təmin ediləcək, sakinlərimiz ölkədə və dünyada baş verən yeniliklərlə daha yaxından tanış olacaq, distant dərslə məşğul olan şagird və tələbələrimiz bundan bəhrələnəcəklər.
Cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanın daha da inkişafı üçün apardığınız daxili və xarici siyasəti dəstəkləyirik. Vətənimiz naminə verdiyiniz tapşırıqların yerinə yetirilməsinə hər zaman müsəlləh əsgər kimi hazırıq. Allah Sizi qorusun!”
Rayonda tarixi abidələrin bərpası, qədim tikililərin qorunması istiqamətində görülən işlər son vaxtlar daha mütəşəkkil xarakter daşıyır. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı və digər məsul işçilər Keşikçidağ qoruğuna çəkilən yolda işlərin gedişi ilə yaxından tanış olublar. Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayondakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna gedən yeni avtomobil yolunun inşasına bir neçə aydır ki, başlanıb. “Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci kilometrliyindən götürür. İkinci texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 kilometr təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Təxminən VI əsrə aid edilən “Keşikçidağ” qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir.
Məqsəd sərhəd bölgəsini, sözün əsl mənasında, turizmin mərkəzinə çevirməkdən ibarətdir. Bu istiqamətdə aparılan işə rayon icra hakimiyyəti tərəfindən xüsusi diqqət yetirilir və böyük önəm verilir.
Ağstafada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yanaşı, ideoloji sahənin fəaliyyəti də nəinki unudulmur, əksinə, ona həm də əvəzedilməz, çox böyük təsirə malik qüvvə kimi yanaşırlar. İcra hakimiyyəti başçısının uzun illər Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatına rəhbərlik etməsi və bu sahədə kifayət qədər təcrübə toplaması Ağstafada artıq özünü büruzə verir. Rayonda gənclərin fəallığı kifayət qədər artmışdır. Ən müxtəlif intellektual oyunlar, müsabiqələr, yarışlar Ağstafada böyük əks-səda yaradır. Könüllü gənclərlə aparılan işlərdə bir sistem yaradılmasına nail olunub. Müraciət edən gənclər icra hakimiyyətinin işində yaxından iştirak edir və onlar bir müddətdən sonra seçilir, sertifikatlar verilir və gələcək fəaliyyətləri təkcə nəzarətə götürülmür, həm də qayğı göstərilir, problemləri həll olunur. Yeri gəlmişkən, son aylarda icra hakimiyyəti aparatına perspektivli gənclər gətirilmiş və onlar məsul vəzifələrə təyin olunmuşlar. Bu günlərdə RİH başçısının müvafiq əmri ilə Ariz Qədiməliyev aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Rayon icra hakimiyyəti, ümumiyyətlə, müharibə iştirakçılarına, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşır. Seymur Orucovun elə ilk gündən “özünüzü bir anlığa şəhid ailəsinin yerində hiss edin...” deməsi sanki bu həssas məqama o zaman bir daha aydınlıq gətirmişdi. Onda heç Vətən müharibəsi də başlamamışdı. Rayon rəhbəri ölkə Prezidentinin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara münasibətlərindən, qayğı və nəvazişlərindən konkret misallar gətirmiş, nümunələr göstərmişdi. Amma heç bilmirdi ki, bir neçə ay keçəcək, rəhbərlik etdiyi Ağstafa da yeni şəhidlər verəcək, qolunu, ayağını, gözünü itirən qaziləri evə dönəcəklər.
Ağstafa böyük qələbəmizlə başa çatan bu müharibədə 50 şəhid verdi. Böyük Kəsik kəndindən Asif Yusifli, Zəlimxan kəndindən Fərrux Abbasov, Qırılıdan Elgün Abdullayev, Eynallıdan Zöhrab Abbasov, Ağstafa şəhərindən Nihad Abdullayev və başqaları böyük qəhrəmanlıqlar göstərdilər, bu torpaq uğrunda canlarından keçdilər. Elə götürək Asif Yusiflini. Müharibə başlayanda Xüsusi təyinatlı kəşfiyyat dəstəsinin üzvi olan bu igid gənc Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşması, göstərdiyi rəşadət haqqında döyüş yoldaşları indiyədək danışırlar. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğunun binası üzərinə bayrağı məhz Asif sancıb. 26 yaşlı ağstafalı şəhid, ümumilikdə, 26 yerdə Azərbaycan bayrağını ucaldıb. Müharibənin ilk həftəsində Asif yaralanır və hospitalda müalicə almalı olur. Lakin cəmi üç gün sonra o, hələ tam sağalmamış yaralarını sarıyıb yenidən döyüş meydanına qayıdır. Sayca azlıqda olmasına baxmayaraq, Asifin üzvü olduğu dəstə ermənilərin 37 əsgər və zabitini əsir götürür, 42 nəfərini isə məhv edir. Həmin döyüşdə Asif düşmənin atdığı qumbaradan ağır yaralanır və beləcə şəhidlik zirvəsinə yüksəlir…Ağstafalı igid Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına, müxtəlif medallara layiq görülür.
O ağır günləri ağstafalılar heç vaxt unutmayacaqlar. Elə şəhid olmadı ki, onun dəfni ümumrayon hüznünə çevrilməsin. Elə qazi qalmadı ki, o gül-çiçəklə, təmtəraqla qarşılanmasın. Əsirlikdən qayıdan Amin Musayev evinə əllər üstündə gəldi. Elə ailə qalmadı ki, rayon rəhbərləri, ictimaiyyət nümayəndələri onun qapısını bir neçə dəfə döyməsin, şəhid balalarının başlarını sığallamasın, analarının əllərindən öpməsin, toxtaqlıq verməsin... Bayramlarda, ad günlərində, hətta şəhidin dünyaya yenicə göz açan balalarının adqoyma mərasimlərində iştirak etmək sanki bir ənənəyə çevrildi.
Şəhidin adına bulaq çəkmək, orada abidə ucaltmaq, xatirə lövhəsi tikmək, adlarını qızılı hərflərlə həkk etmək kimi vətənpərvərlik ənənələri yarandı Ağstafada. Ayrı-ayrı kəndlərin sakinləri, iş adamları rayon icra hakimiyyətinin təşəbbüsünə qoşuldular. Birini RİH tikib istifadəyə verəndə, digərini iş adamları, kənd sakinləri, imkanlı müəssisə və təşkilatların kollektivləri inşa etdilər. Beləcə çox qısa vaxt ərzində Ağstafa şəhərində, Vurğun, Saloğlu qəsəbələrində, Dağ Kəsəmən, Poylu, Göycəli, Qırılı, Muğanlı, Qıraq Kəsəmən, Xətai, Düzqışlaq və digər kəndlərdə möhtəşəm bulaq kompleksləri inşa olundu və onların açılışlarının, demək olar ki, hamısında rayon rəhbərliyi, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak etdilər.
…İndi Ağstafa adi günlərini yaşayır. Adamlar təsərrüfat işləri ilə məşğul olurlar. Təbii ki, həll olunmamış problemlər, müəyyən çətinliklər də var. Lakin güley-güzar edən də yoxdur. Çünki görürlər ki, heç kim, heç nə yaddan çıxmır, unudulmur. Təsadüfi deyil ki, əvvəllər yuxarı orqanlara göndərilən şikayət ərizələrinin və məktubların sayı son bir ildə xeyli azalıb. Ağstafalılar sabaha inamla, ümidlə baxırlar. Bu, həm də tarixi Qələbəmizdən doğan inamdır.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri