BU GÜN ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 98-ci İLDÖNÜMÜDÜR
Müasir Azərbaycanın memarı, Ümimmilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü dünya azərbaycanlıları başı uca, qalib xalq kimi qeyd edir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, onun xalqımızın, ölkəmizin parlaq gələcəyi naminə ölməz ideyalarını yüksək rəhbərlik bacarığı ilə gerçəkləşdirməyə müvəffəq olan Prezident İlham Əliyevin sayəsində Ulu Öndərin ən böyük vəsiyyəti gerçəkləşdi, Qarabağımız düşmən tapdağından azad olundu. Ulu Öndərin qoyduğu möhkəm təməl əsasında müasir Azərbaycan dünyada mövqeyini möhkəmləndirdi, iqtisadi cəhətdən ildən-ilə güclənərək qüdrətli dövlətə çevrildi, yüksək hərbi peşəkarlıq və döyüş qabiliyyətli güclü ordu yaradıldı. Bəli məhs Heydər Əliyevin cızdığı siyasi kurs nəticəsində cəmi 44 günlük zaman kifayət etdi ki, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı işğaldan azad etsin, xalqımız 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoysun.
Prezident İlham Əliyevin Şuşa azad olunan gün Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etdikdən sonra xalqa müraciətinin məzmunu hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.