"AZƏRBAYCAN" qəzeti: Ağstafada da şəhidlərə və qazilərə böyük ehtiram var
2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər qələbənin başlanğıc günü kimi xatırlanacaq. 30 illik həsrətə son qoyan 44 günlük müharibə öz əks-sədası ilə bütün dünyaya səs saldı. Azərbaycan Silahlı Qüvvələri düşmənə ağır və sarsıdıcı zərbələr vuraraq Qarabağı yağı tapdağından xilas etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını başları üstündə bayraq edən mərd əsgər və zabitlərimiz Vətənin müdafiəsinə qalxaraq Azərbaycanın haqlı olduğunu dünyaya sübut etdilər.
Təəssüf ki, bütün savaşlarda olduğu kimi, Vətən müharibəsi də itkisiz olmadı. Onlarca döyüşçümüz savaşlarda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Onların arasında ağstafalılar da var. Bu gün həmyerliləri onlarla fəxr edir, xatirələrinə ehtiram göstərirlər. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov deyir ki, onlar bizim qan yaddaşımızdır. Bu gün ölkəmizin düşmən üzərində əldə etdiyi qələbəyə görə Azərbaycan xalqı onlara borcludur. Odur ki, rayonda olan şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır: “Həmin vaxtlar bütün Ağstafa cəbhədən gələn xəbərlə nəfəs alırdı. Şəhidlərimiz isə böyük izdihamla dəfn olunurdu. Dəfn zamanı şəhid valideynlərinin “Vətən sağ olsun!” hayqırması insanların qəlbində qürur hissi yaradırdı. Yeganə oğlunu torpağa tapşıran ata başını dik tutaraq oğlu ilə fəxr etdiyini söyləyir, gənc övladını dəfn edən, heç br təsəlli ilə ovunmayan analar isə “Vətənə onlarca belə oğul fəda edərəm” deyib övladlarının nəşi üstündə sərilən bayrağımızdan öpürdülər. Bu gün biz belə valideynlərlə fəxr etməklə yanaşı, onların qayğıları ilə yaşayırıq. Hər birinin ailəsinə diqqətlə yanaşaraq qaldırdıqları məsələləri yerindəcə həll etməyi borcumuz hesab edirik”.
44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü döyüşə atılan ehtiyatda olan zabit Orucov Ariz Raqif oğlu Kəlbəcər və Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. İndi o, rayon icra hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiridir. Hazırda şöbə tərəfindən bir sıra tədbirlər, o cümlədən şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində işlər görülür. Elə bu günlər Qarahəsənli kəndindən olan şəhid Orxan Babayevin xatirəsinə bulaq kompleksi istifadəyə verilmişdir. Həmin münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi ilə yanaşı, hüquq mühafizə orqanlarının nümayəndələri, eləcə də şəhidin valideynləri iştirak edirdilər. Açılışda diqqətə çatdırılmışdır ki, Orxan Babayev müharibənin ilk günündən sonuna qədər igidliklə döyüşmüş, Füzulidən Xocavəndəcən döyüş yolu keçmişdir. Şuşa azad edildikdən bir gün sonra - noyabrın 9-da Xocavənddə şəhid olan O.Babayev “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Digər “Şəhidlər bulağı” abidə kompleksi isə rayonun Saloğlu qəsəbəsindən olan Birinci Qarabağ müharibəsinin şəhidləri Əhməd Namazovun, Faiq Məmmədovun, Elşən Xəlilovun və İkinci Qarabağ müharibəsinin şəhidləri Rüfət Məmmədovun və Elxan Süleymanovun xatirələrinə ucaldılmışdır. Açılışda şəhidlərin xatirə lövhələrinin önünə tər qərənfillər düzülmüş, onların ruhuna dualar oxunmuşdur. Rayonun Vurğun qəsəbəsindən olan Vətən müharibəsi şəhidləri Fazil Məmmədli və Vasif Nəzərlinin xatirələrini əbədiləşdirmək üçün inşa edilmiş “Şəhidlər bulağı” da əhali tərəfindən razılıqla qarşılanmışdır. Bundan əlavə, Vətən müharibəsində igidliklə vuruşaraq şəhid olmuş Qırılı kənd sakini Əliheydər Hüseynlinin doğum günü təntənə ilə qeyd edilmişdir. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında könüllü iştirak edən Əliheydər uzun döyüş yolu keçərək Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azad olunmasında əsl şücaət göstərib. Noyabrın 9-da döyüş tapşırığını yerinə yetirən zaman düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan Əliheydər Azərbacan Texnologiya Universitetinin məzunu idi.
Rayonda şəhid ailələri və qazilərin problemləri də operativ həll olunur. Tovuz döyüşlərində şəhid olmuş Yaşar Babayevin valideynləri rayon rəhbərliyinə evlərinə gedən yolun bərbad vəziyyətdə olması barədə müraciət etmişdi. İndi şəhidin evinə gedən yol tamamilə abadlaşdırılmışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”