"XALQ" qəzeti: “Ağsaqqal sözünə ehtiyacım var...”
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ağsaqqallarla bir masa arxasında əyləşən kimi ilk sözü bu oldu: yenə ağsaqqal sözünə ehtiyacım var...
Artıq neçənci dəfə idi ki, rayon rəhbəri ağsaqqallara müraciət edirdi ki, bu da təsadüfi deyildi. Çünki son vaxtlar rayonda həyata keçirilən bir sıra işlər məhz ağsaqqalların təklifi, təşəbbüsü ilə həyata keçirilmişdi. Elə ayrı-ayrı yaşayış binalarının ətrafında salınmış nümunəvi məhəllələr, vaxtaşırı keçirilən iməciliklər və digər tədbirlər ağsaqqallarla keçirilən görüşlərdən sonra meydana çıxmışdı və rayonda razılıqla qarşılanmışdı.
Budəfəki görüş şəhərin Səməd Vurğun adına mədəniyyət və istirahət parkında baş tutdu. Görüşdə ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də ictimai-siyasi sabitliyindən geniş bəhs olundu. Rayon ağsaqqalları dedilər ki, ölkə rəhbərliyi hər zaman Ağstafaya yüksək dövlət qayğısı göstərir və buna görə hər bir ağstafalı öz dərin minnətdarlığını bildirir.
Görüşdə Ağstafanın daha da inkişaf etdirilməsi üçün maraqlı və səmərəli təkliflər irəli sürüldü. Xüsusilə əhalinin sosial problemlərinin həlli istiqamətində aparılan işlərin daha da sürətləndirilməsi, küçə və məhəllələrin asfaltlandırılması işinin başa çatdırılması, bir sıra digər problemlərin həlli ilə əlaqədar söhbətlər aparıldı.
Seymur Orucov irəli sürülən təklifləri diqqətlə dinlədi və ən səmərəli təşəbbüslərin həyata keçirilməsi üçün tədbirlər görəcəyini bildirdi və ağsaqqallara təşəkkür etdi.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri