Göycəli kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Göycəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsi Abbasov Göycəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Xətayə Həmzəyeva Ağstafa-Köhnəqışlaq avtomobil yolunun əsaslı təmirə ehtiyac olduğunu qeyd etdi.
2. Əsəd Əliyev kəndin məkəzində yerləşən istirahət parkının yenidən qurulmasını xahiş etdi.
3. Əli İbrahimov yeni körpələr evi uşaq baxçasının inşa edilməsini təklif etdi.
4. Gələcək Əsgərov İş yerlərinin açılmasının vacibliyindən danışdı.
5. Qotaz Batıyeva Göycəli kəndindəki istirahət parkına Sosialist Əməyi Qəhrəmanı Fərzalı Abbasovun adının verilməsini xahiş etdi.
6. İmamqulu Həsənov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Səyyad Məhərrəmov kəndin çöl əkin sahələrini və həyətyanı tprpaq sahələrini suvarma suyu ilə təmin edən ana arxın təmizlənməsinə ehtiyac olduğunu bildirdi.
8. Tellibəyim Hüseynova ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
9. Məkrum Ələkbərov kəndin “Qaramıxlı” məhəlləsində yolun təmir edilməsini xahiş etdi.
10. Fazil Rəhimov Poçt şöbəsi üçün yeni binanın inşa edilməsini təklif etdi.
11. Sehrəddin Haqverdiyev “Qabaqdağlı” məhəlləsində yararsız elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına ehtiyac olduğunu qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Göycəli kəndində müasir tipli 360 şagird yerlik tam orta məktəbi tikilərək istifadəyə verilmişdir. Növbəti ildə Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur..
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.