Ağstafada şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olunub
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Ağstafa şəhər Mədəniyyət evində Ağstafa Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş ağstafalı şəhidlərin ailələrinə və müharibə iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sukutla yad edilib.
Tədbirdə iştirak edən Ağstafa Rayon İcra Hakimiyyətinni başçısı Seymur Orucov çıxış edərək qeyd edib ki, biz şəhidlik zirvəsinə yüksələn igid oğullarımızı hər zaman böyük ehtiramla anırıq, Allahdan onlara rəhmət diləyirik. Şəhidlər ölməzdir və onlar xalqımızın yaddaşında əbədiyyətə qovuşmuşlar. Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakşılarının bütün qayğılarını diqqət mərkəzində saxlayır, onların sağlamlığı, sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mükəmməl dövlət siyasəti həyata keçirilir. Eyni zamanda şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Bu gün Silahlı Qüvvələr Günü ərəfəsində buraya möhtərəm cənab Prezidentimizin Sərəncamları ilə döyüş əməliyyatlarında göstərdikləri rəşadətə görə şəhidlərimizin və döyüşçülərimizin təltif olunduğu orden və medalları təqdim etmək üçün toplaşmışıq.
Sonra şəhidlərin ailə üzvlərinə və Vətən müharibəsi iştirakçılarına onların layiq görüldükləri orden və medallar təqdim edilib.