Ağstafada taxıl biçini işləri yekunlaşmaq üzrədir
Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb etməklə yanaşı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunda arpa və taxıl biçini işləri yekunlaşmaq üzrədir. Rayonda cari ilin məhsulu üçün 7082,0 hektarda buğda, o cümlədən 2024,0 hektarda arpa əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişdirilib.
Bundan əlavə, taxıl biçininin müvafiq qaydalara uyğun şəkildə zəruri hazırlıq işləri görülüb. Biçinlə əlaqədar sahələrə əlavə kombayn cəlb edilib.
Hazırda qısa vaxt ərzində 2024 hektar arpa sahəsinin 2020 hektarında biçin aparılıb. Qalan 4 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir. Biçin aparılmış sahələrdən bol məhsul tədarük olunub.
Buğda biçinində 7082 hektar buğda sahəsinin artıq 3225 hektarı biçilib. Bu isə o deməkdir ki, bu il də Ağstafada taxılın məhsuldarlığı qənaətbəxş hesab olunur.